Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiyaya qarşı mübarizə müsbət nəticələr verir

08 avqust 2020 | 16:00

Respublikamızda koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunmaqdadır. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir və vəziyyət nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. İlk günlərdən, bu xəstəlik yaranandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Koronavirus infeksiyası ilə mübarizədə həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunmuşdur. Buna baxmayaraq yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilmiş, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcəkdir. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edilmiş, qısa müddət ərzində hazır vəziyyətə gətirilmişdir.

Koronavirusla bağlı mübarizədə addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, rejim yenə də sərtləşdiriləcəkdir. Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır. Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Bu dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər.

Keçidlər