Ölkəmizdə Qurban bayramı qeyd edilir
Bu il, 31 iyul – 01 avqust 2020-ci il tarixlərdə Azərbaycanda Qurban bayramı qeyd edilir. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, insanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı islam dininin əsas bayramlarından biridir. Yüz illərdir ki, ayrı-ayrı xalqların mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasında islam dininin müstəsna rolu vardır.
Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirirlər. Cənab Prezident Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad etmiş, onların yaxınlarına səbir diləmişdir. Dövlət başçısı inam hissi ilə bildirmişdir ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə edilən dualar və diləklər gerçəkləşəcəkdir.
Qurban bayramınız mübarək olsun, əziz xalqımız!