Əsgərlərimizin döyüş ruhu və vətənpərvərlik hissi çox yüksəkdir
Torpaqlarımızı işğal etmiş Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir.
Bu gün Silahlı Qüvvələrimizin dünya reytinqində 50-ci pillədə qərarlaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin əsas hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz əhəmiyyətli rolu oynayır. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır. Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. Erməni işğalçılarına qarşı müharibədə həlak olanlar şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə nümunədir.
Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır. Aprel döyüşləri sayəsində azad olunan Lələtəpə və Talış yüksəklikləri bu rayonlarda yaşayan insanlarımızı təhlükədən qurtardı. Həm də işğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi.
2018-ci ildən Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı.
Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağımız ucaldıldı.
Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik zirvəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. Ermənistan işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi. Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə vuruşurdu. Düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını itirdi. Prezidentimizin, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən xalqımız bu təlatümlü günlərdə ordumuzun yanında idi. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir.
İyulun 15-də Prezident cənab İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanımla və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışıb. Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. Ali Baş Komandan qeyd edib ki, vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Prezident İlham Əliyev general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcəklər. İyulun 12-də şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib.
Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimizin bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Silahlı Qüvvələrimizin şanlı tarixində öz yeri olacaq. Artıq dünya dövlətləri 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Eyni zamanda Azərbaycan diasporu da formalaşıb, dünyanın müxtəlif ölkələrində Azərbaycanın haqq səsinin eşidilməsi üçün fəaliyyət göstərirlər. İyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirilib. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərmişdir..
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmuş, 55.130-dan çox vətəndaş qeydiyyatdan keçib və bu müraciətlər davam edir. Azərbaycanda Qadın Sahibkarlığı Assosiasiyasının (AQSİA) üzvləri Prezidentin çağırışına dəstək verib. Assosiasiya sıralarında birləşən yüzlərlə sahibkar xanım orduda xidmət göstərməyə hazır olduqların bildirmişlər.
Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini vurğulayıb.
Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu. Ən yüksək səviyyədə Azərbaycanı dəstəklədiyini bildirdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı Azərbaycana qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu. O çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığını dilə gətirib: “Bu gərginliyin Ermənistanın düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib. Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”. Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmadığı hiddət doğurur. Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan təmas xəttində davam edən gərginlikdən danışarkən, “İşğalçılığı davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa, azərbaycanlı qardaşlarımıza dəstək verməyə davam edəcəyik” ifadələrini işlətmişdir.
Xaricdə yaşayan soydaşlarımız da Prezident cənab ilham Əliyevin yanındadır və onu dəstəkləyirlər. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Dünya Türk Birliyi təşkilatı, Latviyada yaşayan soydaşlarımız, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Ukraynadakı Türkiyənin icma nümayəndələri, Belorusda yaşayan azərbaycanlılar Macarıstanda fəaliyyət göstərən Macarıstan-Azərbaycan “Qardaşlıq” Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi keçirdikləri aksiyalarda erməni təcavüzünün dayandırılmasını, erməni işğalına son qoyulmasını tələb etmişlər.