Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilmişdir

27 iyul 2020 | 16:00

24 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə dövlət başçısı qeyd etmişdir ki, ölkəmizdə bütün infrastruktur layihələr ardıcıl şəkildə icra edilir. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf etmişdir. Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan vermişdir ki, biz özümüzü uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək, həmçinin ixrac imkanlarımızı da artıraq. Bizim enerji təhlükəsizliyimiz təmin olunmuşdur. Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Nəqliyyat infrastrukturu yüksək dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.

İnfrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri xüsusi yer tutur. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatmışdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir.

Son illərdə Azərbaycanda nəhəng su layihələri həyata keçirilmişdir. Bunların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Bu anbarın su tutumu 270 milyon kubmetrdir. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarı da əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Lakin su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq aşağı düşür. Suya qənaət olunmalıdır. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. 

Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd dövlət qurumu vardır - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətləri, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Dövlət başçısı su ehtiyatlarından səmərəli istifadə edilməsi üçün həmin qurumlara tapşırıqlar vermişdir.

Müşavirədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetiriləsi istiqamətində Sabirabad rayonunda da lazımi tədbirlər həyata keçirilir. Rayonu içməli və suvarma suyu ilə Kür və Araz çayları təmin edir. Su çatışmazlığı ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması məqsədi ilə aidiyyəti qurumlar tərəfindən bütün alternativ mənbələrdən istifadə edilir. Sabirabad şəhərində içməli suyun verilməsində yarana biləcək çətinliklərlə bağlı 2 mövcud 5 min kub.metr su anbarının birində ehtiyat üçün su saxlanılır.

Keçidlər