Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə və dövlət əmlakına dəymiş ziyan qısa müddətdə aradan qaldırılacaqdır

23 iyul 2020 | 16:00

İyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. (Sərəncamın linki: https://president.az/articles/39864). Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə artıq başlanılmışdır. Belə ki, İşçi Qrup yaradılmış, mütəxəssislər cəlb edilmişdir. Hazırda hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərdə müayinə və ekspertiza işləri aparılır.

Bu sahədə bütün işlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. Azərbaycan dövləti daim vətəndaşının yanındadır. Dövlətimiz vətənimizin ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Döyüşlərdə qəhrəmancasına həlak olmuş bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimovun və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilmişdir. Ümumilkdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilmiş, şəhid ailələrinə (hər ailəyə 11 min manat olmaqla) birdəfəlik yardım göstərilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da erməni təxribatı zamanı şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq vermiş və artıq onların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.

Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.

Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuz rayonuna dəymiş zərər tezliklə aradan qaldırılacaq. Çünki vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. 

Keçidlər