Şriftin ölçüsü :

Saytın rəngi :

Atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən pozulmuşdur

15 iyul 2020 | 16:00

2020-ci iyulun 12-də işğalçı Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etmişlər. Azərbaycan Ordu hissələrinin əks-hücumu nəticəsində düşmən geri çəkilmiş, onun o ərazidə yerləşən canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ermənistan hərbi birləşmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistan dərin böhran içərisindədir. Gündən günə reytinqi aşağı düşən baş nazir Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. O bütün siyasi rəqiblərini təqib edir, həbs edir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salmışdır. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanmışdır. N. Paşinyan xarici siyasətdə də uğursuzluğa düçar olmuşdur. Bütün dünya ictimaiyyəti bu ilin mart ayında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlünə dəstəyini təsdiq etdi. Azərbaycanın dünyada nüfuzunun günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı, erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Xüsusi iclasın keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur.

İyulun 12-də dövlət sərhəddində baş vermiş təxribat hadisəsi Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmışdır. Kütləvi informasiya vasitələrində hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənmişdir. Lakin belə təşəbbüslər, yəni ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri  yolverilməzdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Yaranmış vəziyyətə görə məsuliyyət isə tam şəkildə Ermənistana rəhbərlik edənlərin üzərinə düşür.

Keçidlər