Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan işğalçı hərbi qüvvələrinin təxribatı baş tutmadı

14 iyul 2020 | 16:00

İyulun 12-də Ermənistanın işğalçı silahlı qüvvələri növbəti dəfə təxribat törədərək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmişlər. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum nəticəsində düşmən canlı qüvvə və hərbi texnika itirərək geri çəkilmişdir.

Son dövrdə ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistan hakimiyyətini, erməni lobbisini, xarici ermənipərəst dairələrini ciddi narahat edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini çıxılmaz vəziyyətə salmışdır.

Azərbaycan-Ermənistan sərhədində törədilmiş növbəti təxribat Ermənistanda müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün bu ölkədə əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salmışdır.  Azərbaycanla dövlət sərhədində növbəti təxribatı törətməkdə Paşinyan hakimiyyətinin bir məqsədi də xarici düşmən mövzusunu qabartmaq və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmaqdır.

Hazırda Ermənistanda hakimiyyətə qarşı olan müxalifət vahid cəbhədə birləşir. Paşinyan isə belə təxribatlarla ölkədaxili problemləri aradan qaldırmağa cəhdlər göstərir.

İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmış, sıravi vətəndaşlar arasında silaha sarılaraq cəbhə bölgəsinə getmək, torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənmişdir. Bu, əlbəttə, xalqımızın vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Lakin belə təşəbbüslər, yəni ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri  yolverilməzdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Keçidlər