Şriftin ölçüsü :

Saytın rəngi :

BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi barədə qərar Azərbaycan diplomatiyasının böyük uğurudur

13 iyul 2020 | 16:00

COVİD-19 pandemiyası ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq bu il may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı koronavirusla mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdir. BMT-nin 130-dək üzv dövləti həmin təşəbbüsü dəstəkləmişdir. Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya Federasiyası da həmin dövlətlər sırasındadır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri məlumat vermişlər.

BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız 3 Sessiya dövlətlərin təşəbbüsü ilə çağırılmışdır. Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaqdır. Bu bizim diplomatiyamızın uğuru hesab edilməlidir. BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq təşkilatdır. Bu gün bütün dünyanı narahat edən, iqtisatiyyatı, turizmi çökdürən pandemiya ilə BMT-nin yalnız Ümumdünya Səhiyyə Təşkilatı məşğuldur. Bu təşkilat isə bütün qüvvə və resurslarını koronavirusun yayılmasının qarşısının alınmasına yönəltmişdir. İqtisadi, sosial və digər aspetlər isə diqqətdən kənarda qalmışdır. Dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün Xüsusi Sessiyanın keçirilməsi artıq BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

İndi bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzləşmişdir. Buna görə də BMT bu qlobal problemin həllindən kənarda qalmamalıdır.  Xüsusi Sessiyanın videokonfrans formatında keçirilməsi üçün bütün texniki şərait vardır. BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi barədə təşəbbüsün dəstəklənməsi Prezident cənab İlham Əliyin yüksək beynəlxalq nüfuzunun növbəti təcəssümüdür. Bu  təşəbbüsün dəstəklənməsi həm də onu göstərir ki, dövlət başçısı Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir.

Keçidlər