Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus pandemiyası ilə mübarizə istiqamətində mühüm addımlar atılmışdır

09 iyul 2020 | 16:00

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehraban xanım Əliyeva koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda inşa edilmiş daha bir modul tipli hospitalın açılış mərasimində iştirak etmişlər.  Tibb ocağında  yaradılmış şəraitlə tanış olduqdan sonra dövlət başçısı Respublikamızın aparıcı televiziya kanallarına müsahibə verərək yeni növ COVİD-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən danışmışdır.

Dünyada COVİD-19 infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə xəstəliyin ölkəmizin sərhədlərinə yaxınlaşdığı gündən başlayaraq ciddi tədbirlər həyata keçirilməyə başlandı. Virus daşıyıcısı olan xəstələrin müalicəsi üçün xəstəxanalar müəyyən edildi. 10 modul tipli xəstəxananın quraşdırılması nəzərdə tutuldu, onlardan 5-i artıq fəaliyyət göstərir. Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm vəzifədir. Bunun nəticəsidir ki, qısa zamanda səhiyyə infrostrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi.

Dövlət başçısının sərəncamları, çoxsaylı tapşırıqları, gündəlik nəzarəti altında koronavirusla mübarizəyə yönəldilmiş dövlət strukturları üzərilərinə düşən vəzifələri layiqincə həyata keçirir. Lakin bəzi vətəndaşların özlərinin və başqalarının sağlamlığına biganə, etinasız, məsuliyyətsiz yanaşması xəstəliyin çoxalmasına səbəb olmuşdur. Buna baxmayaraq vəziyyət tam nəzarət altındadır və xalqımız pandemiyaya qalib gəlmək əzmindədir.

205 çarpayılıq Sabirabad Mərkəzi rayon xəstəxanası Respublikamızda koronavirusa yoluxmuş xəstələrin müalicəsinə cəlb olunmuş tibb ocaqlarından biridir. Xəstəxananın 170 çarpayılıq hissəsi COVID-19-la mübarizə üçün ayrılmış və lazımi avadanlıqlarla təchiz edilmişdir. Rayonun bütün tibb işçiləri həm xəstələrin sağalmasında,  həm də əhali arasında maarifləndirici tədbirlərin aparılmasında yaxından iştirak edirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icra vəziyyətini, habelə sanitar-epidemioloji normaların qeyd-şərtsiz yerinə yetirilməsini, əhali tərəfindən fərdi qoruyucu vasitələrdən istifadə olunmasını yoxlamaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə müntəzəm reydlər keçirilir. Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda Sabirabad şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılır, ticarət mərkəzlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, fərdi qoruyucu vasitələrdən istifadə olunması barədə tapşırıq və tövsiyələr verilir.

Rayon ərazisində sanitar-gigiyena norma və qaydalarına riayət olunmasına ciddi nəzarət olunur və profilaktik tədbirlər davam etdirilir.

Keçidlər