Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102 ili tamam olur
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə–əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra hərbi nazirlik ləğv edilmişdir.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.
2011-ci il iyunun 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirilmişdir.
2018-ci ildə keçirilmiş parad ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş bu möhtəşəm paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunmuşdur.
Son illər ərzində Respublikamızın hərbi potensialını xeyli artmışdır. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Gün gələcək ordumuzun cəsur əsgərləri Azərbaycanın dövlət bayrağını işğal olunmuş torpaqlarımız üzərində qaldıracaqdır.