Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü başlandı

15 iyun 2020 | 16:00

Hər il 15 iyun tarixi xalqımızın Milli Qurtuluş günü kimi qeyd olunur. Hamımıza bəllidir ki, bu şərəfli və şanlı tarix səhifəsini yaradan Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol olan ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin ağır zəhməti, gərgin səyləri, böyük qalmaqallardan keçmiş uğurlu siyasətinin nəticəsində bu günkü qüdrətli Azərbaycan dövləti formalaşmış və bütün dünyada öz mövqeyini yüksək səviyyədə qoruyub saxlamaqdadır. 

1991-ci ilin oktyabrında ölkəmiz müstəqillik əldə etdikdən sonra hakimiyyətdə yaranan boşluq və siyasi xəttin düzgün seçilməməsi nəticəsində dövlətin bütün təsisatlarında uğursuzluq, özbaşnalıq höküm sürürdü. 1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı. Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi. Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi. AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı. Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi. Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.

Moskvada istefa verdikdən sonra Naxçıvan Ali Məclisində fəaliyyətə başlayan Ulu öndər Heydər Əliyev o illərdə dağılmış SSRİ İttifaqının bir parçası olan Azərbaycanda yaranmış acınacaqlı ictimai-siyasi vəziyyəti obyektiv analiz edərək, cəmiyyətin ciddi problemlərini dərindən düşünərək konkret işlər görmək və ciddi siyasi addımlar atmaq üçün  dəfələrlə mövqeyini bəyan etmişdir. Ulu öndər Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı zamanlarda nəyinki Naxçıvanı, bütövlükdə Azərbaycanı xilas edəcək yeganə şəxsiyyət kimi xalqın ümid yeri idi.

Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü başlanıldı.

Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi. Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı. Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı. İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi. İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi. Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı və ordu quruculuğunda mühüm addımlar atıldı.

Ulu öndər Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar.

Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı. Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi.

İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.

Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Xalqımız hər il 15 iyun tarixini qürur və fərəh hissi ilə qeyd edir. Çünkü, məhz bu gün dövlətimiz əbədi və sarsılmaz gücünü bütün dünyaya göstərmişdir. 

Keçidlər