Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 75 illik yubileyi qeyd olunur

09 may 2020 | 16:00

Bu gün Azərbaycan xalqı da faşizm üzərində tarixi qələbənin 75 illik yubileyini qeyd edir.  600 mindən çox oğul və qızını cəbhəyə yola salan xalqımızın Qələbənin əldə olunmasında çox böyük rolu olmuşdur. Bu dəhşətli və qanlı müharibədə göstərdikləri igidliyə görə Azərbaycanın 120 əsgər və zabiti Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çoxu isə müxtəlif orden və medallarla təltif edilmişdir.

Müharibənin ilk günlərindən başlayaraq azərbaycanlılardan formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıqlar göstərmişlər. Faşizmə qarşı mübarizədə azərbaycanlılar döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmişlər. Şanlı Qələbənin əldə olunmasında Bakı neftinin rolu böyük olmuşdur. O dövrdə cəbhəyə göndərilən neft məhsullarının 80%-i məhz Bakıdan yola salınırdı.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə İkinci Dünya müharibəsi veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1941-1945- ci illərdə faşizmə qarşı vuruşmuş müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirmişdir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Sərəncamları ilə bütün sağ qalan veteranlar Qələbənin 75 illiyi münasibəti ilə təsis olunmuş yubiley medalları ilə təltif edilmişlər.

07 may 2020-ci il tarixdə yubiley medalları Sabirabad rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının və Səfərbərlik və Hərbi Xidmətə Çığırış üzrə Xidməti Sabirabad rayon şöbəsi nümayəndələrinin iştirakı ilə rayonun Çöl Dəllək kənd sakini Ənvər Əhmədova, Minbaşı kənd sakini Bəhrəm İsmayılova və Axtaçı-Muğan kənd sakini Əliş Xəlilova yaşadıqları evlərində təqdim edilmişdir. Qeyd edirik ki, dövlət başçısının digər Sərəncamı ilə veteranlara 1500 manat, vəfat etmiş veteranların həyat yoldaşlarına isə 750 manat məbləğində maddi yardım göstərilmişdir.

Keçidlər