Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü
Xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki zəmanəmizin ən böyük şəxsiyyəti, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, bütün xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz həmin gün-mayın 10-unda anadan olmuşdur.
Tarix dəfələrlə sübut etmişdir ki, Ulu öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.
Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. O, heç zaman özünün dediyi kimi, nə yüksək dövlət vəzifəsinin imkan verdiyi şəraitdə, nə də Naxçıvanda yaşadığı dövrdə xalqından uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf etdi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir dövlət qurdu.
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Bu gün Ulu öndərin siyasətinin layiqli və alternativsiz davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız özünün geostrateji, iqtisadi və mədəni potensialından daha geniş istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Sabirabadın respublıkamızın abad və müasir rayonlardan birinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olmuşdur. Bu bölgənin dirçəlişi və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli lideri Heydər Əliyev sovetlər dönəmində və müstəqillik illərində 15 dəfə Sabirabada səfər etmişdir. O hər gəlişində rayonda zəhmət adamları ilə görüşmüş, onun diqqət və qayğısı ilə yüzlərlə sadə əmək adamı müxtəlif orden və medallara layiq görülmüşdür. Dahi şəxsiyyətin təşəbbüsü ilə rayonda Su qurğuları sistemi tikilmiş, ən ucqar kəndlərə belə mavi qaz verilmiş, Kür çayı üzərində nəhəng körpü insa olunmuş, mədəniyyət sarayı, çoxsaylı yaşayış və inzibatı binalar, 40-dan çox yeni məktəb və tibb ocaqları istifadəyə verilmişdir.
Tariximizin unudulmaz səhifələrinə çevrilən həmin illərdə Ulu öndərin tarixi səfərlərini hər bir sabirabadlı bu gün də xüsusi minnətdarlıq hissi ilə xatırlayır.