Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

17 fevral 2020 | 16:00

Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə gül dəstələri qoyulmuş, rayon iqtisadiyyatını əhatə edən sərgiyə baxış keçirilmişdir. Hesabat yığıncağına hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və digər siyasi partiyaların fəalları, ağsaqqalların, ziyalıların, gənclərin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar.

Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov hesabat məruzəsi ilə çıxış edərək qeyd etmişdir ki, keçən il Respublikada olduğu kimi Sabirabad rayonu üzrə bütün sahələrdə inkişaf dinamikası qorunub saxlanılmış, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafi davam etdirilmişdir.

2018-cı illə müqayisədə 2019-cu ildə istehsal olunan məhsulun həcmi 5.6 faiz, sənaye məhsulu 23 faiz, pərakəndə əmtəə dövriyyəsi 4.8  faiz çox olmuşdur. Əsas kapitala yönəldilən investisiya 93,2 milyon manat təşkil etmiş, tikinti-quraşdırma işlərinin həcmi 87,4 milyon manat olmuşdur.

Rayonda geniş abadlıq-quruculuq işləri də aparılmışdır. Sabirabad şəhərinin 11 küçəsinə  62 min kv.m-dən çox asfalt-beton vurulmuş, 1000 paqometr  hasar çəkilmiş və gülbağ daşlarla üzlənmiş, 2 min kv/m sahədə yeni park salınmış,  Sabirabad rayonunun giriş hissəsindəki “Muğan qızı” abidə-kompleksi və şəhərinin ad göstəricisi- giriş tablosu yenidən qurulmuş, ətrafına nüxtəlif növ ağaclar əkilmişdir.

Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan olunması və buna uyğun olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın regionlarda bir gündə 650 min ağac əkmək təşəbbüsünə həvəzlə və böyük ruh yüksəkliyi ilə qoşularaq Sabirabad şəhərinin park və xiyabanlarında, meydanlarda, Hacıqabul-Sabirabad-Bəhrəmtəpə magistral avtomobil yolunun hər iki tərəfində, ümumilikdə 70 mindən çox həmişəyaşıl və meyvə ağacları əkilmişdir. Ağacların qorunması və damla üsuli ilə suvarılması təmin edilmişdir. Böyük yaşıllıq zolağı rayonumuza yeni görkəm vermişdir.

Son illər rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli  işlər görülmüşdir. 22 min nəfər əhalinin yaşadığı, 15 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Dadaşbəyli-Çöl Ağammədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisi başa çatdırılmışdır.

Sabirabad Rayon İcra Hakimiyyəti  tərəfindən hazırlanmış Ərazi Məşğulluq Proqramının icrası sahəsində görülmüş işlər sayəsində   2019-cu ildə rayonda 29 yeni müəssisə yaradılmış, 4059 iş yeri açılmışdır ki, bunun 1227-si daimi, 2832-si isə müvəqqəti iş yerləridir.

Rayonda kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayonda 17 layihənin həyata keçirilməsi üçün iş adamlarına və sahibkarlara 1 milyon 98 min manat məbləğində güzəştli kredit verilmişdir. Rayon İcra Hakimiyyətinin bilavasitə dəstəyi və köməyi ilə yerli investorların cəlb edilməsi nəticəsində rayonda ümumi layihə gücü 11,0 milyon manat olan kənd təsərrüfatı, sənaye məhsulları istehsalı və emalı müəssisələri yaradılmışdır. Nizami kəndində “Muğan Quşçuluq” MMC fabriki, Bulaqlı və Salmanlı kəndlərində heyvandarlıq kompleksləri istifadəyə verilmişdir.

Taxılçılıq, pambıqçılıq, baramaçılıq və heyvandarlığa dövlət dəstəyinin artırılmasının nəticəsidir ki, rayon üzrə 2019-cu ildə kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki illə müqayisədə 15,1 faiz artmışdır.

Elektrik enerjisinin dayanıqlığını təmin etmək məqsədilə Sabirabad pilot rayon kimi 16 yaşayış məntəqəsi üzrə elektrik təsərrüfatı yenidən qurulmuş, 40 min nəfər əhalinin, eyni zamanda Kür çayı boyunca 25 km məsafədə yerləşən suvarma nasos stansiyalarının fasiləsiz elektrik enerjisi ilə təmin edəcək 110/35/10 kv-luq Cavad yarımstansiyasının tikintisi başa çatdırılmışdır.

Rayonun 62 kəndinə, Rüstəmli və 2 məcburi köçgün qəsəbəsinə təbii qaz verilmişdir. Sabirabad şəhərinin və 18 kəndin içməli su təminatını yaxşılaşdaırmaq məqsədilə magistral su xəttinin çəkilişi başa çatdırılmış 49 kənddə modul tipli su durulducu qurğu quraşdırılmışdır. 

Təhsil və məktəbəqədər tərbiyyə müəsisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində    hesabat dövründə modul tipli Çığırğan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmiş, Türkədi kəndində 264 şagird yerlik tam orta məktəb binasının tikintisinə hazırlıq işləri gedir.

2019-cu ildə rayon üzrə orta məktəblərdə XI sinifi bitirmiş 1135 məzundan 597 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 345 məzun qəbul olmuşdur. Onlardan 42 nəfəri 500-dən çox bal toplamışdır. IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri də əvvəlki illə müqayisədə yüksək olmuşdur.

Yerlərdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra işlər görülmüşdür. Son illər rayonun Qaralar, Əsədli, Məmişlər, Bulaqlı, Zalqaraağac, Güdəcühür, Cəngan kəndlərində tibb məntəqələri tikilib istifadəyə verilmiş, tibb müəssisələri yeni inventar və avadanlıqlarla təchiz olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilmiş, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifə kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə Sabirabad rayon İcra Hakimiyyəti öz işini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov yığıncaq iştirakçılarını əmin etmişdir ki, 2019-cu ilin yekunlarına həsr olunmuş iclasda və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün sabirabadlılar var qüvvələrini əsirgəməyəcək, bütün imkanlardan səmərəli istifadə edərək 2020-ci ili də yüksək nailiyyətlərlə başa vuracaqlar.

Məruzə ətrafında müzakirələrdə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubov, Moranlı kəndindən pambıqçı Vaqif  Abbasov, Qaratəpə blədiyyəsinin sədri, Prezident təqaüdçüsü Fatma Hüseynova, Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə icra  nümayəndəliyinin baş mühasibi Müslüm Rzayev çıxış etmişlər

Azərbaycan Respublikasının Prezidenti  Administrasiyasının sektor müdiri Əlibaba Əliyev yığıncaqda iştirak və çıxış etmişdir.

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş   pambıqçı Vaqif  Abbasova I dərəcəli Əmək ordeni təqdim edilmiş, çalışdıqları sahələrdə fərqləndiklərinə görə bir qrup şəxs Sabirabad rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilmişdir.

Sonda yığıncaq iştirakçıları adından  dövlət başçısına müraciət ünvanlanmışdır.

Keçidlər