Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

20 yanvar 2020 | 16:00

Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 20 Yanvar faciəsinin 30-cu ildönümü-Ümumxalq Hüzn Günü qeyd edilmişdir. Ümumrayon anım mərasimi iştirakçıları şəhidlərimizin xatirəsini yad edərək onlara öz ehtiramlarını bildirmişlər. Mərasim Kürkəndi kənd qəbiristanlığından başlanmışdır. Yanvarın 19-da gecə qəfil gülləyə tuş gəlmiş Kürkəndi kənd sakini Zəbulla Əliyevin məzarı buradadır. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov başda olmaqla hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət etmişlər.

Qalağayın kənd qəbiristanlığında uyuyan 20 Yanvar şəhidi Mehman Məmmədovun da qəbri ziyarət olunmuşdur. Mərasim iştirakçıları eyni zamanda Qarabağ müharibəsi zamanı şəhid olmuş Vətən oğullarının xatirəsini yad etmişlər. Şəhərimizin mərkəzində Zakir və Vaqif Fərzullayev qardaşlarının xatirəsinə ucaldılmış abidənin önünə gələrək ehtiramlarını bildirmişlər.

Həmin gün mərasim iştirakçıları Şəhidlər Xiyabanına gələrək burada sıralanan məzarları da ziyarət etmişlər.

Mərasim iştirakçıları Vətən uğrunda canlarından keçmiş qəhrəman oğulların abidələri, məzarları önünə gül-çiçək dəstələri düzmüşlər. Şəhidlərin ruhuna fatihə verilmiş, yaxınlarına, ailə üzvlərinə Allahdan səbir dilənmişdir.

Məktəblilər Vətənə, şəhidlərə həsr edilmiş şeirlər söyləmişlər.

Mərasim iştirakçıları saat 12-00-da respublikamızın hər yerində olduğu kimi rayonumuzda da şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

 

 

Keçidlər