Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul etmişdir
16 yanvar 2020 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 16-da Sabirabadda Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilmişdir. Müraciətlər əsasən həqiqi hərbi xidmətə çağırış və ya işə qəbul, övladlarının xidmət yerinin müəyyənləşdirilməsi, eləcə də digər məsələlərlə bağlı olmuşdur.
Yerlərdə qəbul və müraciətlərə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.