Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir

07 yanvar 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» 26 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən respublikamızda gənclərin həqiqi hərbi xidmətə qış çağırışı başlanmışdır. Bu kampaniya rayonumuzda da mütəşəkkilliklə keçir.

Yanvarın 7-də Dövlət Bayrağı Meydanında gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə - müəssisələrin və ictimaiyyətin nümayəndələri, çağırışçı gənclər, onların valideynləri iştirak etmişlər.

Tədbir iştirakçıları tərəfindən Ulu öndər Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydandakı abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur.

Dövlət Bayrağı Meydanında yolasalma mərasimi açıq elan edilmiş, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək hərbi xidmətə yola düşən gəncləri təbrik etmiş, onlara xoş və səmimi arzularını bildirmişdir.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev çıxış edərək gənclərə Vətənə layiqli övlad olmağı, hərbi biliklərə mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirməyi tövsiyə etmişdir.

Çağırışçı Abdurrahmanov Fədai İlkin oğlunun babası Babacan Abdurrahmanov çıxış edərək nəvəsinin Azərbaycan ordusunda xidmət edəcəyindən qürur hissi duyduğunu bildirmişdir.

Gənclər «Cəngi» musiqisinin sədaları altında həqiqi hərbi xidmətə yola düşmüşlər.

Keçidlər