Sabirabadda "Azərbaycanın Olimpiya Odisseyası" layihəsi çərçivəsində tədbir keçirilib
Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində "Azərbaycanın Olimpiya Odisseyası" layihəsi çərçivəsində Azərbaycanın ilk olimpiya çempionu Nazim Hüseynovla görüş keçirilib.
Tədbir gənclər arasında sağlam həyat tərzinin, hər bir yaş kateqoriyası üçün bədən tərbiyəsi və idmanın, Olimpiya prinsiplərinin, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyası təbliği məqsədi daşıyıb.
Tədbirdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev ölkəmizdə, o cümlədən Sabirabad rayonunda həyata keçirilən gənclər siyasəti və idman sahəsində əldə olunan nailiyyətlər barədə danışıb, belə tədbirlərin önəmini vurğulayıblar.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşı Oruc Məmmədli ölkəmizdə idman siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurları diqqətə çatdırıb. O, gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb, gəncləri zərərli vərdişlərlə mübarizəyə çağırıb.
Milli Olimpiya Komitəsinin nümayəndəsi Nazir Rəhimov, Azərbaycan İdmançılar İctimai Birliyinin baş katibi Fərhad Acalov çıxış edərək, ölkəmizdə idman sahəsində aparılan yenidənqurma işləri barədə məlumat verib, gənclər arasında olimpiya hərəkatı dəyərlərinin təbliğində maarifləndirmə işinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən layihə müəllifi, kinorejissor Arzu Qulamov "İlk Qızıl" filminin çəkilişi zamanı baş verən anlarla bağlı xatirələrini danışıb, Azərbaycanın Olimpiya Odisseyasının qəhrəmanları olan olimpiya çempionlarımız haqqında filmlərin ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirib.
Sonra cüdo üzrə 1992-cı il Barselona Olimpiadasında qızıl medal qazanmış Nazim Hüseynovdan bəhs edən "İlk Qızıl" filmı nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən olimpiya çempionu Nazim Hüseynov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı üçün hər cür şərait yaradıldığını deyib. Bildirib ki, dövlətin yüksək diqqət və qayğısı nəticəsində idmanın digər növləri kimi, güləş də sürətlə inkişaf edir. O, həmçinin idman həyatındakı maraqlı anları tamaşaçılarla bölüşüb.
Nazim Hüseynov sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.