Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Həsənli kəndində növbəti səyyar görüş-qəbul keçirmişdir
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov növbəti səyyar görüş-qəbulu rayonun Cavad kənd inzibati ərazi dairəsinə daxil olan Həsənli kəndində keçirilmişdir.
Səyyar görüş-qəbulu giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq Ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, bu günkü inkişafından danışmış, əldə olunan nailiyyətlərdən və uğurlardan bəhs etmişdir. Ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi olduğunu xüsusi vurğulamış, rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışmış, aqrar sahənin inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs etmişdir.
Səyyar görüş-qəbulda iştirak edən kənd sakinləri müxtəlif xarakterli, onları narahat edən - su kanallarının, dren-kollektorların lildən təmizlənməsini, qrunt sularının vaxtında axıdılmasını və digər məsələlərlə bağlı müraciətlər etmişlər.
Səyyar görüş-qəbulda səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verilmişdir.