Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad I rübü uğurla başa vurdu

15 aprel 2013 | 15:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov fəallar yağıncağını açaraq aprelin 14-də Nazirlər Kabinetinin yarım ilin yekunlarının müzakirəsi zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrədən danışdı. Dünyada gedən iqtisadi böhrana baxmayaraq 2013-cü ilin birinci rübündə respublikada ümumidaxili məhsul 3,1 faiz artmışdır. Ümumidaxilin məhsulun 83 faizi özəl sektorda formalaşır. Sevindirici haldır ki, qeyri-neft sektorunda 11,4 faiz artıma nail olunmuşdur. Kənd təsərrüfatında 4 faizdən çox artım əldə edilmişdir. İndi Azərbaycanın valyuta ehtiyatları 48 milyard dollara çatmışdır. Əhalinin real gəlirlərinin qorunması və rifah halının daha da yaxşılışdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində infliyasiya cəmi 1,2 faiz olmuşdur. Son 10 il ərzində yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə düşmüşdür.
Bütün bu inkişafın kökündə dövlət başçısının gərgin işi, yorulmaz fəaliyyəti dayandığını deyən,- İcra Başçısı ölkə Prezidentinin rayona diqqət və qayğısından  ətraflı danışdı. O, bildirdi ki,    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə 2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələri demək olar ki, aradan qaldırılmışdır. Təbii fəlakətdən keçən dövr ərzində rayon üzrə 1439 ev tikilmiş, 380-da son tamamlama işləri gedir. Rayonun Ulacalı kəndində sel daşqını nəticəsində evləri yararsız vəziyyətə düşmüş sakinlər üçün bütün infrastruktura malik 77 fərdi yaşayış evindən ibarət yeni qəsəbə salınmışdır. Ötən müddət ərzində təbii fəlakətdən ziyan çəkmiş 16099 ailəyə 17 milyon 286 min manat məbləğində müxtəlif təyinatlı kompensasiya ödənilmişdir.   
Yığncaqda vurğulandı ki, birinci rübdə aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün  sahələrində  inkişafa nail olunmuş, sosial-infrastruktur layihələrin həyata keçirilməsi sahəsində  uğurlar əldə edilmişdir. Cari ilin 3 ayında tikinti-quraşdırma işlərinin həcmi 2 milyon 136 min manat,  sənaye məhsulunun həcmi 1 milyon 599 min manat, rabitə xidməti 147 min manat, ticarət xidməti 40 milyon 135 min manat, pullu xidmət 9 milyon 345 min manat, kənd təsərrüfatı məhsullarının istehsalı isə 22 milyon 525 min manat, investisiya qoyuluşu 17 milyon 976 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün sahələrdə artım müşahidə olunmuşdur.
Əhalinin məşqulluğunu təmin etmək-prioritet vəzifə kimi qarşıya qoyulmuş və yeni iş yerlərinin yaradılması prosesi uğurla davam etdirilmişdir. Yeni istehsal sahələrinin yaradılmasına diqqət artırılmışdır. Cari ilin birinci rübündə 6 yeni müəssisə yaradılmış, 165 yeni iş yeri açılmışdır ki, bunun da 140-ı daimi iş yerləridir. Bundan əlavə rayonda aparılan tikinti, quruculuq və abadlıq işlərində yüzlərlə sabirabadlı çalışır.
Natiq çıxışında bildirdi ki, rayonda geniş quruculuq və abadlıq işləri uğurla həyata keçirilir. Şirvan zonasında yaşayan sakinlərin rayon mərkəzinə gediş-gəlişini asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2011-ci il tarixli sərəncamı ilə Cavad kəndi ərazisində Kür çayı üzərində inşa olunan körpüdə işlər başa çatmışdır. Ulu öndərin adını daşıyan parkda yenidənqurma işləri aparılır. Həmin ərazidə sahəsi 4 min kv.metr olan Heydər Əliyev Mərkəzi inşa edilir. Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Maliyyə idarəsi üçün  yeni üçmərtəbəli binaların inşası, Rayon İcra Hakimiyyətinin və keçmiş rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinə məxsus inzibati binalarında, həmin ərazidəki meydanda əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir. 205 çarpayılıq xəstəxana binasının tikintisi davam etdirilir. Quruculuq-abadlıq işlərində milli memarlığın müasirliklə ahəngdarlığı təmin edilir.
Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirmilməsinə dair əlavə tədbirlər haqqında” 12 aprel 2013-cü il tarixdə imzaladığı sərəncamla rayon İcra Hakimiyyətinə ayrılmış 1 milyon manat vəsait hesabına sosial-infrastruktur lahiyələrin həyata keçirilməsi işləri davam etdiriləcəkdir. Bu da ölkə başçısının rayonumuza göstərdiyi qayğının təzahürüdür.
Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafından da ətraflı danışıldı. Deyildi ki,. 2012-ci ildə 2013-cü ilin məhsulu üçün 22214 hektar sahədə taxıl əkilmişdir ki, bundan 13466 hektarı buğda, 8748 hektarı isə arpa sahəsi olmuşdur. 2013-cü ilin birinci rübündə 1220 hektar tərəvəz, 1452 hektar bostan, 1280 hektar kartof, 3979 hektar təzə yonca əkini aparılmışdır. Hazırda pambıq səpininə və digər bitkilərin əkininə başlanılmışdır.
Son illər heyvandarlıq sahəsinə diqqət daha da artırılmışdır. Rayonda mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir. Bunun nəticəsində iri buynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1725 baş (101,6 faiz) artaraq 111808 baş, xırda buynuzlu mal-qaranın sayı 7478 baş (104,0 faiz) artaraq 194282 baş olmuşdur.
Yığncaqda vurğulandı ki, əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə Sabirabad Elektrik Şəbəkəsi və “Azenko” tikinti təşkilatı tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir. Rayonun Quruzma, Qaragüney, Türkədi, Xəlfəli, Əlicanlı, Mürsəlli, Əhmədabad, Güdəcühür, Qəzli, Azadkənd, Qalağayın, Minbaşı, Şəhriyar, Əliləmbəyli, Yenikənd və Zəngənə kəndlərində transformator yarımstansiyalarında cari təmir işləri aparılmışdır. 23 ədəd transformator təmirə göndərilmiş, onlardan 14-ü təmir olunaraq yerinə bərpa edilmişdir. “Azenko” tikinti təşkilatı tərəfindən Narlıq kəndində dayaqlar dəyişdirilir, hava verilişi xəttləri SİP kabellə əvəz olunur, yeni transformator quraşdırılır. Həmin dövrdə 311 ədəd “Smart” kart tipli yeni elektrik sayğacları quraşdırılmışdır.
Əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Rayonun Mürsəlli və Şıxlar kəndlərinə təbii qaz verilmişdir. Şəhərin qazlaşmayan 15 küçəsində qazlaşma işləri aparılır. S.Vurğun küçəsində yeni tikilmiş evlərə təbii qaz verilmişdir. Hazırda rayonun Qaratəpə, Əhmədabad, Bulduq, Quruzma kəndlərində qaz xəttlərinin çəkilişi başa çatdırılmış, evlərdə daxili xətlərin çəkilişi aparılır. Qaraqaşlı, Qəzli, Qaralar, Məmişlər, Azadkənd kəndlərinin küçələrinə polad borularla qaz xətti çəkilir. Yenikənd və Poladtoğay kəndlərinə polietilen borularla daşıyıcı qaz xətti çəkilmişdir.
Dövlət Proqramında Sabirabad rayonunun su və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulmuşdur. Yaxın günlərdə şəhərdə kanalizasiya xəttinin çəkilişinə başlanılacaqdır. Talış su kəmərindən rayon mərkəzinə su xəttinin çəkilişi ilə bağlı hazırlıq işləri görülür.
Kənd əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə rayonun 24 kəndində modul tipli su durulducu qurğular tikilmişdir. Hazırda rayonun 28 kəndində modul tipli su durulducu qurğuların tikilməsi üçün sənədlər hazırlanır. Talış su kəməri xətti vasitəsilə rayona veriləcək xəttdən rayonun 22 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Digər layihədə Şirvan-Muğan qrup su kəməri vasitəsilə rayonun Qaragüney kəndindən Muğan Gəncəli kəndi istiqamətində yerləşən 13 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi öz əksini tapmışdır.
Rayon mərkəzində çirkab sular yığınağı olan “Axmaz” adlanan ərazinin qurudulması işləri aparılır. Həmin ərazidən Suqovuşan kəndində olan kollektora qədər yeraltı boru çəkilmiş, çirkab sular quraşdırılmış nasos vasitəsilə  kollektora ötürülür. “Axmaz”ın ərazisinə torpaq verilir və nasos stansiyasının qurulması istiqamətində tədbirlər görülür.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində müəyyən işlər həyata keçirilmişdir. Hacıqabul-Bəhrəmtəpə magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsində yenidənqurma və əsaslı təmir işləri başa çatmaq üzrədir. Sabirabad 35 saylı Yol İstismar Sahəsi tərəfindən Sabirabad-Həşimxanlı-Şirvan avtomobil yolunun çökmüş hissələrində qazma işləri aparılmaqla asfalt beton qarışığından istifadə etməklə təmir edilmiş və bu işlər davam etdirilir. Hacıbəbir-Çöl Ağammədli avtomobil yoluna çınqıl döşənməklə cari təmir işləri aparılmışdır. Uzunluğu 46 km olan Nizami-Moranlı-Sarxanbəyli avtomobil yolunda əsaslı təmir işlərinə başlanılmışdır. Digər kənd yollarında da cari təmir işləri aparılır.
Tədbirdə təhsil və səhiyyə obyektlərinin əsaslı təmir edilməsi və yenilərinin tikilməsi  və onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamtində geniş tədbirlərin həyata keçirildiyindən də danışıldı. Bildirildi ki, 1200 şagird yerlik Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı tam orta məktəb binasının tikintisi davam etdirilir. Z.Tağıyev adına şəhər 6 saylı tam orta məktəbində 200 şagird yerlik əlavə sinif otağının tikintisinə, Qarağac və Kovlar kənd tam orta məktəblərində bərpa-gücləndirmə işlərinə başlanmışdır. Cari ildə məktəblər üçün inventar və avadanlıqların alınması planlaşdırılmışdır.
Göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması məqsədilə Mərkəzi Rayon Xəstəxanası üçün müasir tələblərə cavab verən 205 çarpayılıq xəstəxana binasının tikintisi davam etdirilir. Xəstəxananın tikintisi başa çatdırıldıqdan sonra Perinatal mərkəz və ağ ciyər xəstəlikləri xəstəxanasından başqa bütün səhiyyə müəssisələri bu xəstəxanaya köçürüləcəkdir. 
Mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də tədbirlər görülür. 456 yerlik rayon Mədəniyyət sarayında əsaslı təmir işlərinə başlanılımışdır. Digər mədəniyyət obyektlərində cari təmir işlərinin aparılması, inventar və avadanlıqların alınması nəzərdə tutulmuşdur.
Məruzəçi əhalinin aztəminatlı hissəsinin-pensiyaçıların, şəhid ailələrinin, müharibə və əmək veteranlarının, ahıl–tənha və kimsəsizlərin, bu qismdən olan bütün təbəqələrin sosial müdafiəsinin yaxşılaşdırması istiqamətində görülən işlərdən də ətraflı bəhs etdi. 213 nəfər tənha-ahıl vətəndaşdan 183 nəfərinə evlərdə sosial məişət xidmətləri göstərilir. Onlara xidmət göstərmək üçün Mərkəz tərəfindən 20 işçi təhkim edilmişdir. 1 nəfər Böyük Vətən müharibəsi əlilinə “LİFFAN” markalı minik avtomobili verilmişdir. 
Yoxsulluğun aradan qaldırılması, aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində keçirilən vacib tədbirlərdən biri də dövlət tərəfindən əhaliyə ünvanlı sosial yardımların verilməsidir. Rüb ərzində 1725 ailəyə (7762 nəfər) 625 min manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Həmin dövrdə 376 ailəyə (6347 nəfər) ünvanlı sosial yardım təyin edilmişdir. Birinci rübdə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin qeydiyyatında 18 min 524 nəfər pensiyaçı olduğu, cari ilin birinci rübündə Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 8882 nəfərə 1 milyon 903 min manat məbləğində sosial müavinət verildiyi qeyd olundu.
Ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyasının təmin edilməsi, elektron hökümətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli nəzərə alınaraq ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Bununla bağlı rayon Telekommunikasiya qovşağı tərəfindən bir sıra işlər görülmüşdür. Şəhərin H.Əliyev prospektində olan hava rabitə xətləri təmir olunaraq texniki normaya gətirilmişdir. Rayonun Nizami, Qalağayın, Qaratəpə, Bulaqlı, Şəhriyar və Ulacalı elektron ATS-lərdə daxili xətt şəbəkəsində təmir işləri aparılmışdır.  Muğan prospektindən Bulaqlı kəndi istiqamətində 3 ərazidə hava rabitə xətti yeraltı kabellərlə dəyişdirilmişdir. Kəndlərdə geniş zolaqlı internet şəbəkəsinin yaradılması və rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə cari ildə bütün kəndlərin fibro optik kabelə qoşulması planlaşdırılmışdır. Bu ilin birinci rübündə mərkəzi elektron ATS-dən Qaralar kənd elektron ATS-nə FO-12 kabeli çəkilmişdir. Perspektiv plana əsasən həmin xəttin davamı olaraq Surra və Axısxa kənd elektron ATS-də çəkiləcəkdir. Hazırda optik kabel xətti Cavad kəndi iatiqamətində çəkilir.
Tədbirə yekun vuran İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov diqqəti qarşıda duran mühüm vəzifələrə cəlb etdi. O, bir daha bildirdi ki, rayonun sosial-iqtisadi inkişafına, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına bundan sonra da maksimum səy göstəriləcəkdir.

Keçidlər