Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda pambıq yığımı ilə bağlı ümumrayon müşavirəsi keçirilmişdir

12 sentyabr 2019 | 16:00

Sabirabad rayon Mədəniyyət Mərkəzində pambıq yığımının vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir. Tədbirə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd təsərrüfatına xidmət edən idarələrin, şirkətlərin təmsilçiləri, pambıq yığımı ilə bağlı yaradılmış qərargahın üzvləri dəvət edilmişdilər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Bunun üçün hər kəs öhdəsinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidir. Biz qarşıda duran məqsədlərə çatmalı və ölkə başçısının tapşırığını layiqincə yerinə yetirməliyik. Pambıq yığımını vaxtında və itkisiz başa çatdırmaq üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır. Vaxtilə pambıqçılıq Sabirabadda yüksək inkişaf yolu keçmişdir. 112 min tonadək məhsul istehsal edilmişdir. Rayonun keçmiş şöhrətini qaytarmaq üçün pambıqçılarımız imkanlardan və ehtiyat mənbələrindən bacarıqla istifadə etməlidirlər.

Rayon İcra Hakimiyyətinin başçısı digər məsələlərdən də danışmış, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər