Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilmişdir

15 iyul 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin iclas zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə DQİDK-nın rəhbərliyi, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Şirvan şəhər, Sabirabad, Hacıqabul, Saatlı rayonlarının icra və hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri iştirak etmişlər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur. Sonra “Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş etdirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış etmişdir. O nümayiş olunmuş filmlə bağlı fikirlərini bölüşərək ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə vətənimizin inkişafı naminə atdığı uğurlu və cəsarətli addımlardan danışmışdır. Seminar-müşavirənin aktual mövzuya həsr edildiyini bildirən icra başçısı dini radikalizmin cəmiyyətdə yaratdığı fəsadları, ona rəvac verən təhdidlərin qarşısının alınmasının vacibliyini qeyd edərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov ulu öndərin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə nümayiş etdirilmiş filmlə bağlı qeyd etmişdir ki, hələ sovet hakimiyyəti illərində Heydər Əliyev çətin siyasi vəziyyətdə milli kimliyimizin, soykökümüzün, tariximizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması uğrunda yorulmadan mübarizə aparmış, azərbaycançılıq ideologiyasının əsasını qoymuşdur. Hazırda ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir. Respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin edilir, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilir. Lakin bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün islam dinindən, din amilindən istifadə edirlər. Son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə baş verən qarşıdurmalarda və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir. Buna görə də Respublikamızda ictimai-siyasi sabitliyin qorunması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə sahəsində hər kəs fəal olmalıdır.

Daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov çıxış etmişlər.

Seminar-müşavirə mövzu ətrafında müzakirələrlə başa çatmışdır.

Keçidlər