Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Sabirabadda vətəndaşları qəbul etmişdir
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə iyunun 19-da Sabirabad şəhərində Sabirabad və Saatlı rayonlarının sakinlərini fərdi qaydada qəbul etmişdir.
Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Kür – Araz çaylarında bəndlərin istismarı idarsəinin inzibati binasında keçirilən qəbulda Sabirabad və Saatlı rayonlarından olan 21 vətəndaşın müraciət və şikayətinə baxılmışdır. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi, maddi yardım, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə etmişdir.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar vermişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həllini tapmış, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülmüşdür.
Sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq etmiş, göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.