Sabirabadda Milli Qurtuluş Günü təntənəli surətdə qeyd olunmuşdur
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 15 iyun-Milli Qurtuluş Gününə həsr edilmiş Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ziyalılar tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Siraqəddin Cabbarov bayram tədbirində çıxış edərək Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, onlara səadət, xoşbəxtlik arzulamışdır. O Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq bildirmişdir ki, 26 il bundan əvvəl, 1993-cü ilin 15 iyun günü müasir Azərbaycanın müstəqillik tarixinə əlamətdar bir gün kimi daxil olmuşdur. Xalqımızın çağırış və israrlı tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını xilas etmişdir. 15 iyun Milli Qurtuluş Günü kimi yaddaşlara əbədi həkk olunmuşdur. Bu həmin dövr idi ki, AXC-Müsavat cütlüyünün səriştəsizliyi ucbatından ölkədə böyük gərginlik yaranmışdı, qarşıdurmalar, özbaşınalıq, xaos hökm sürürdü. Respublikamız vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqımızın ağır günlərində dünya şöhrətli siyasətçi, Ümummilli lider Heydər Əliyev köməyə gəldi. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkəmizin sosial-iqtisadi həyatında dönüş yarandı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində cəbhədə atəşkəsə nail olundu. «Əsrin müqaviləsi» adlı neft kontraktlarına imza atıldı. Geniş masştablı islahatlar həyata keçirildi. Baş verə biləcək dövlət çevrilişlərinin qarşısı alındı. Dünyəvi və milli dövlətçiliyə xidmət edən yeni bir ideyanın əsası qoyuldu. Ümummilli lider Heydər Əliyev ideyalarına xidmət edən siyasi kurs bu gün özünün yüksək mərhələsinə qədəm qoymuşdur. Artıq Azərbaycan dünya səviyyəsində tanınır. Beynəlxalq aləmdə böyük nüfuza malik möhtərəm Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev kursunu uğurla davam etdirir.
Sonra incəsənət ustaları tədbir iştirakçılarına xoş ovqat bəxş etmişlər.
Rayonun «Ana Kür» xalq çalğı alətləri ansamblının müşayiəti ilə keçən konsertdə əməkdar artistlərdən Yusif Mustafayevin, Ehtiram Hüseynovun, muğam ustası Abgül Mirzəliyevin, populyar müğənnilərdən Təranə Qumralın, Musa Musayevin, Vəfa Şərifovanın, Günel Almazovanın, İradə Mehrinin, Sabirabad rayonunun incəsənət ustaları Sarxan Baxşıyev və Səməd Səmədovun ifaları, Əhmədabad kənd folklor evinin «Ahıska halay türk» folklor qrupunun rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Konsert atəşfəşanlıqla başa çatmışdır.