Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş «Qəhrəmanlıq zirvəsi» sənədli filminin təqdimat mərasimi keçirilmişdir

13 may 2019 | 16:00

Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş «Qəhrəmanlıq zirvəsi» adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açmışdır.

Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, yazıçı-publisist Azər Hacıbəyli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mübariz Süleymanlı, «Salnamə» studiyasının rejissoru Kəmalə Musazadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və başqaları çıxış etmişlər.

Natiqlər bildirmişlər ki, Səfiyar Abuzər oğlu Behbudov 1967-ci il iyunun 14-də Bərdə rayonunun Mollalı kəndində dünyaya göz açmışdır. Macarıstanda hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi başlayan gündən cəbhənin müxtəlif bölgələrində döyüşlərdə iştirak edərək igidliklər göstərmişdir. 1992-ci ilin martında Ağdam-Əsgəran istiqamətində Qaraqaya adlı yerdə döyüşlərdə ağır yaralanaraq əsir düşmüşdür. Düşmənlərə heç bir sirr verməyən igid döyüşçü ermənilər tərəfindən ağır işgəncələrə məruz qalaraq diri-diri yandırılmışdır. Qorxmaz döyüşçünün yandırılmış cəsədi həmin ilin martın 21-də ermənilərdən alınaraq ailəsinə təhvil verilmişdir. Kiçik leytenant, tağım komandiri Səfiyar Behbudov ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. 1998-ci il dekabrın 8-də Ümummilli lider Heydər Əliyev Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun qızıl medalını onun anası Gülayə Behbudovaya təqdim etmişdir.

Milli Qəhrəmanın bacısı Naibə Behbudova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Çıxışlardan sonra «Qəhrəmanlıq zirvəsi» sənədli filmi nümayiş etdirilmişdir.

Keçidlər