Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir

10 may 2019 | 16:00

Sabirabad şəhəri Mədəniyyət Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ümumrayon tədbir keçirilmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edərək dahi şəxsiyyətin şəhərimizin mərkəzindəki möhtəşəm abidəsinin önünə gül-çiçək dəstələri düzülmüşdür. Onlar həmçinin Mədəniyyət Mərkəzinin həyətində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçirmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycanın xilaskarı Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə etmişdir. O qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da yüksək səviyyədə qeyd edilir. O dövrünün canlı əfsanəsi idi. Ulu öndər sovet dövründə də, 1993-cü ilin iyununda xalqın israrlı təkidi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra da xalqımızın ictimai-siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrində yüksəlişə, tərəqqiyə nail oldu. Sosial problemlər həll edildi. Müstəqillik əldə edildikdən sonra respublikamızda hərc-mərclik, anarxiya, xaos hökm sürürdü. Ulu öndər vətəndaş müharibəsinin qarşısını aldı. Ölkəmizi parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Bütün sahələrdə islahatlar aparıldı. Respublikamız gündən-günə inkişaf etməyə başladı. Qısa müddətdə bir çox uğurlara imza atıldı.

Bu gün inkişaf və yüksəliş Ulu öndərin layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında davamlı xarakter almışdır. Bu gün respublikamızın regionlarında da sosial-iqtisadi göstəricilər getdikcə artır, insanların rifah halı yaxşılaşır. Sosial infrastruktur layihələri uğurla həyata keçirilir. İndi Sabirabad da yüksək inkişaf dövrünü yaşayır. Biz bütün bunlara, iqtisadi tərəqqiyə, əmin-amanlığa görə xalqımızın Ümummilli lideri Heydər Əliyevə borcluyuq.

Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən «Böyük ömrün anları» sənədli film nümayiş etdirilmişdir.

Keçidlər