Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunmuşdur

07 may 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin iclas zalında keçirilmiş hesabat yığıncağında cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, məhkəmə-hüquq orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şirkət təmsilçiləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşdular.

Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Əlibaba Əliyev iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu il aprel ayının 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkə başçısı ötən il keçirilmiş Prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyulduğunu, islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını və 2019-cu ilin ölkəmiz üçün daha uğurlu il olacağını bəyan etmişdir.

Respublikada olduğu kimi, Sabirabad rayonunda da keçən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın bütün sahələrində yüksək artım müşahidə olunmuşdur.

2019-cu ilin I rübündə rayon üzrə ümumdaxili məhsul 3 faiz, sənaye məhsulunun həcmi 22,1 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 15,3 faiz artmışdır.

Sənaye məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə «Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamın icrası ilə bağlı rayonun Qalağayın kəndi ərazisində 20,3 hektar torpaq sahəsi ayrılmışdır. Burada yun tədarükü və emalı və bir sıra müəssisələrin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Bu müəssisələrdə 500 nəfərə yaxın vətəndaş işlə təmin olanacaqdır. Hazırda yun tədarükü məntəqəsi fəaliyyətə başlamışdır.

Ölkə başçısının tapşırığı ilə vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması ilə əlaqədar effektiv və səmərəli idarəetmənin təşkili məqsədilə DOST Agentliyinin tabeliyində «DOST İş Mərkəzi» MMC yaradılmışdır. Rayon Məşğulluq Mərkəzinin göndərişi ilə «DOST İş Mərkəzi» MMC-də 605 nəfər işsiz və işaxtaran vətəndaş ictimai işlərə cəlb olunmuşdur. Ümumilikdə rayonda 738 nəfər ödənişli ictimai işlərə cəlb edilmişdir.

2019-cu ilin I rübündə 8 yeni müəssisə yaradılmış, 610 iş yeri açılmışdır ki, bunun da 267-si daimidir.

Cari ildə 18 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Dadaşbəyli-Minbaşı-Salmanlı-Noxudlu-Salyan respublika əhəmiyyətli avtomobil yollarında əsaslı təmir işləri yekunlaşdırılmış, uzunluğu 60 km olan Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi davam etdirilir.

Son illər rayonda pambıqçılığın inkişafına diqqət əsaslı şəkildə artırılaraq xeyli işlər görülmüşdür. 2015-2018-ci illərdə rayonda pambıq əkininin həcmi və məhsul tədarükü 10 dəfə artaraq 18169 tona çatdırılmışdır. Cari ildə 8 min 630 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. 2019-cu ildə pambıq əkini münbit olan pay torpaqlarında aparılır. Bu da pambıqçılıq sahəsində yüksək məhsuldarlıq əldə etməyə imkan yaradacaqdır.

Rayonda pambıqçılıq və taxılçılıqla yanaşı, baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsi də inkişaf etdirilir. Əgər 2016-cı ildə rayon üzrə 3 ton barama istehsal edilmişdirsə, ötən il bu rəqəm 5 dəfəyə yaxın artaraq 14,1 ton təşkil etmişdir. Cari ildə daha çox barama istehsal edilməsi nəzərdə tutulmuşdur.

2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşəcəkdir. Təkcə fevral ayında möhtərəm Prezidentimizin bir ayda imzaladığı 8 sərəncam, 4 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bütün bunlar isə ölkə Prezidentinin böyük sosial islahatlar paketinin tərkib hissəsidir.

Məruzə ətrafında Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yusif Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Bayram Mikayılov, rayon Ağsaqqallar Şurasının sədri Böyükağa Həmidov, rayon Məşğulluq Mərkəzinin direktoru Cavid Cavadov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov çıxış etmişlər.

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Əlibaba Əliyev çıxış edərək qarşıda duran vəzifələrdən  ətraflı danışmışdır.

Keçidlər