Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir
Martın 19-da Sabirabad şəhərində Novruz şənliyi keçirilmişdir. Ulu əcdadlarımız bahara həyatın ilki, əzəli mənası, mənbəyi kimi baxmış, onu tərənnüm etmişlər. Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi, oduna isindiyi mənəvi-əxlaqi keyfiyyətlərini əks etdirən müqəddəs, ülvi bir bayram, ümumxalq şənliyidir.
Respublikamızın hər yreində olduğu kimi, rayonumuzda da bu bayram təntənə ilə qeyd edilmişdir. Şəhərimiz başdan-başa bayram libası geyinmişdi. Novruzun gəlişini tərənnüm edən rəngarəng plakatlar şəhərimizə xüsusi yaraşıq verirdi. Martın 19-da Novruz bayramı ilə əlaqədar ulu öndər Heydər Əliyevin adını daşıyan parkda böyük izdiham, təntənə vardı. Şən və oynaq musiqi sədaları ətrafa yayılırdı...
Həmin gün mərasim iştirakçiları öncə ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etmişlər. Sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, idarə, müəssisə rəhbərləri və kollektivləri, məktəblilər parka gəldilər. Həmin gün Heydər Əliyev adına parkın gözəlliyi sanki birı beş artmışdı. Park Novruzun nazlı gəlini hesab edilən səmənilərlə, gül-çiçəyə, yaşıllığa bürünmüşdü. Parkın müxtəlif yerlərində xalqımızın milli adət-ənənələri nümayiş olunurdu.
Musiqiçilər, aktyorlar, məktəblilər bahar, doğma ocaq, təbiət haqqında şeirlər söyləyir, mahnılar oxuyurdular. Özfəaliyyət kollektivinin çıxışları rəğbətlə qarşılanırdı. Milli geymili oğlan və qızlar, gül ətirli balalar rəqs edirdilər. Budur, bayramsayağı bəzədilmiş faytonda parka gələn günəşin sevdalı qızı Baharın pişvazına çıxılır. Dədə-Qorqud xeyir-dua verir. Güləşçılər, pəhləvanlar, karateçilər, kəndirbazlar öz məharətlərini göstərirlər.
Rayon İcar Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov Novruz tonqalını alovlandırdı. Novruzun əsas personajları- kosa və keçəl öz məzəli əhvalatları ilə parka toplaşanlara xoş ovqat bəxş edirlər.
Cənab Nazim İsmayılov bayram münasibətilə təbrik nitqi söylədi. Qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə də, indi də xalqımız Novruz bayramını xüsusi təmtəraqla qeyd edir. O, ölkə rəhbəri cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını və sabirabadlıları Novruz bayramı münasibətilə səmimi-qəbdən təbrik etdi, onlara sevinc, səadət, xoşbəxtlik, bolluq, firavanlıq arzuladı.
Meydan musiqiyə verildi. Azərbaycanın Əməkdar mədəniyyət işçisi aşıq Əhliman, müğənnilərdən Şamil Ağayev, Ramiz Soltanov, Nəzakət Babayeva və başqaları şən və oynaq mahnılarla bayram şənliyini daha da rövnəqləndirdilər.
Üç saatdan artıq davam edən Novruz şənliyi xoş ovqatla başa çatdı.