Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Çernobıl əlillərinə xüsusi diqqət göstərilir

25 aprel 2019 | 16:00

 

Sabirabad Bayraq Muzeyində Çernobıl faciəsinin 33-cü ildönümü münasibətilə onların iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov çıxış edərək bildirdi ki, dünyanın ən dəhşətli qəzası olan Çernobıl faciəsindən 33 il keçməsinə baxmayaraq bu qəzanın fəsadları hələ də qalmaqdadır. Həmin dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hər vəchlə qəzanın ağır nəticələrini xalqdan gizlətməyə çalışırdı. Ümummilli liderimiz Heydər Əliyev Siyasi Büronun yeganə üzvü idi ki, faciənin gizlədilməsinə qarşı çıxdı və baş vermiş hadisənin xalqa doğru-dürüst çatdırılmasını təkid etdi.

Qeyd olundu ki, Çernobıl qəzasının nəticələri Azərbaycandan da yan keçməmişdir. Qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox həmvətənimiz iştirak etmiş, Sabirabaddan da bu iş üçün yüz nəfərdən çox adam səfərbər olunmuşdu. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının statusu haqqında sənəd imzalamaqla bu kateqoriyadan olan insanlara diqqət və qayğısını bir daha nümayiş etdirdi. Bu qayğı və bu diqqət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafəisi gücləndirilib.

Çernobıl əlilləri cəmiyyəti rayon şöbəsinin sədri Əzizağa Quliyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Axırda Çernobıl əlillərinə maddi yardım göstərildi.

Keçidlər