Azərbaycan polisinin Sabirabadda məskunlaşmış məcburi köçkünlərə Novruz sovqatı
Daxili İşlər Nazirliyi kollektivi öz ənənəsinə sadiq qalaraq Novruz günü ərəfəsində rayonumuzda məskunlaşan köçkünləri bayram sovqatı ilə sevindirmişdir. Bu məqsədlə martın 15-de Daxili İşlər nazirinin müavini general-leytenant Əsgər Ələkbərovun başçılığı ilə nazirliyin bir qrup əməkdaşı rayonumuzda olmuş, köçkünlərlə görüşmüşdür. Köçkünlərə nazirliyin şəxsi heyyətinin vəsaitindən toplanmış 40 min manat məbləğində maddi yardım göstərilmişdir. Bu münasibətlə Şəhriyar köçkün düşərgəsində keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, hüquq-mühafizə orqanlarının və xidməti təşkilatlarlın rəhbərləri iştirak etmişdir.
Daxili İşlər nazirinin müavini general-leytenant Əsgər Ələkbərov köçkünlər qarşısında çıxış edərək onları Daxili işlər naziri general-polkovnik Ramil Usubov başda olmaqla Azərbaycan polisi adından təbrik etmiş, xoş arzularını çatdırmışdır. Qeyd etmişdir ki, respublikamız möhtərəm Prezidnetimiz cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, Azərbaycan bütün sahələrdə uğurlara imza atıb. Bu inkişaf davamlıdır.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək köçkünləri Novruz bayramı münasibətilə təbrik etmiş, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Daxili İşlər Nazirliyinin kollektivinə minnətdarlığını bildirmişdir.
Tədbirdə köçkünlərdən Füzuli rayonundan Əbdül Cəfərov, Zəngilan məktəbinin direktoru Bilal Hətəmov, Cəbrayıl rayonundan Arif Əliyev çıxış edərək ölkə Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasəti bəyəndiklərini, onlara göstərilən qayğıdan məmnun qaldıqlarını söyləmişlər.
Novruz bayramı münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təbrik ünvanlanmışdır.