Şriftin ölçüsü :

Saytın rəngi :

Soyqırım qurbanlarının xatirəsi yad edilmişdir

30 mart 2019 | 16:00

Sabirabad rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş  ümumrayon tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə rayonumuzdakı azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Kədərli Ana” abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

Sonra tədbir Bayraq Muzeyində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açdıqdan sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Nazim İsmayılov öz çıxışında qeyd etmişdir ki, ermənilərin törətdikləri qırğınlar nəticəsində azərbaycanlılar milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilmiş, Azərbaycanın şəhər və kəndləri yandırılaraq xarabalığa çevrilmişdir. Təkcə XX əsr ərzində Azərbaycan xalqı 4 dəfə-1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni vəhşiliklərinə, etnik təmizləməyə məruz qalmışdır. 1918-ci ilin mart ayında erməni vəhşiliyi görünməmiş həddə çatmışdır. Gəncə, Şamaxı, Quba qəzalarında, Qarabağda, Naxçıvanda, Lənkəranda, Zəngəzurda, Xaçmazda və başqa yerlərdə ermənilər əsl genosid siyasəti həyata keçirərək hətta uşağa, qadına, qocaya belə rəhm etmədən onları qanına qəltan etmişlər. Həmin vaxtda 50 min nəfərə yaxın soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, bir sıra kəndlər, yaşayış məskənləri yandırılmış, yerlə-yeksan edilmişdir. Qubadakı kütləvi məzarlıq, Dağlıq Qarabağın işğal edilməsi, Xocalı faciəsi ermənilərin və onların əlaltılarının xalqımıza qarşı yeritdikləri soyqırım siyasətini bir daha təsdiqləyir. Təkcə son hadisələr zamanı Azərbaycanın daha 20 faiz torpağı zəbt olunmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşmüş, on minlərlə günahsız insan qətlə yetirilmiş, əsir və girov götürülmüşdür.

Yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü elan olunmuş, ona siyasi və hüquqi qiymət verilmişdir.

 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın erməni işğalından azad olunması yolunda məqsədyönlü siyasət yeridir. Xalqımız inanır ki, soydaşlarımızın qanı yerdə qalmayacaq, Ərazi bütövlüyümüz təmin olunacaq, Qarabağdan didərgin düşmüş həmvətənlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Sabirabad şəhəri, 7 saylı tam orta məktəbin tarix müəllimi Güləndam Səmədova, Füzuli rayonundan məcburi köçkün Əbdül Cəfərov, gənclər adından Əlioğlan Əşrəfli tədbirdə çıxış etmişlər.

Keçidlər