Sabirabadda Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi orqanlarının yaradılmasının 100 illiyi münasibətilə Sabirabad rayonunda tədbir keçirilmişdir. Mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunduqdan sonra tədbir rayon İcra Hakimiyyətinin iclas zalında başlamışdır.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının təhlükəsizliyi orqanlarının yaranmasının 100 illiyi münasibətilə DTX-nin şəxsi heyətini təbrik etmiş, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır. Dövlət Təhlükəsizlik Xidməti Saatlı rayon şöbəsinin rəisi Vidadi Qurbanov məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşmış, təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlamışdır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Cənab Prezident, ordumuzun ali baş komandanı Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.
Tədbirdə Sabirabad rayon məhkəməsinin sədri Füzuli Pənahov, rayon Rolis şöbəsinin rəisi Namiq Camalov, Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, rayon Ağsaqqallar şurasının sədri Böyükağa Həmidov çıxış edərək yubiley münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını təbrik etmiş, onlara məsuliyyətli işlərində uğurlar arzulamışlar.