Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 8 mart-Beynəlxalq qadınlar günü qeyd edilmişdir

08 mart 2019 | 16:00

Hər bir ailənin dəyəri və bəzəyi olan qadınların şadlıq və gözəllik bayramı sayılan 8 mart-Beynəlxalq qadınlar günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da yüksək səviyyədə qeyd edilmişdir. Martın 7-si «Kür-Araz» şadlıq sarayı çox əzəmətli görünürdü. Həmin gün rayonumuzun qadınlarının bütün nəsillərindən olan nümayəndələrinin, rəhbər vəzifəli şəxslərin, ictimaiyyətin təmsilçilərinin iştirakı ilə 8 mart-Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçirilmişdir.

 Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq qadınları bayram münasibətilə təbrik etmiş, qadınlar bayramının keçirilməsi tarixindən danışmış, eyni zamanda Azərbaycan qadınlarının ağlı-zəkası, hər şeydən əvvəl yüksək analıq keyfiyyətləri, müdrikliyi, sədaqəti, qəhrəmanlığı və digər müsbət keyfiyyətləri barədə geniş nitq söyləmişdir. Bildirmişdir ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycan qadınlarını daim yüksək dəyərləndirmiş, onlara qayğı göstərmişdir. Bu ənənə hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Cənab Prezidentin müdrik və qətiyyətli siyasəti sayəsində ölkəmiz gündən-günə inkişaf edir. İctimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi naminə qadınlarımız var güclərini sərf edirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva qadınlarımıza örnəkdir. O, istər ölkəmizdə, istərsə də xaricdə sülh, dostluq, demokratiya naminə misilsiz xidmətlər göstərmiş, xeyirxah əməlləri ilə Azərbaycan xalqının tarixinə parlaq səhifələr yazmışdır.

Nazim İsmayılov eyni zamanda Sabirabad qadınlarının fədakarlıqları barədə də danışmışdır. Rayon rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başda olmaqla qadınları bayram münasibətilə təbrik etmiş, onlara cansağlığı, səadət, xoşbəxtlik, firavanlıq, işlərində uğurlar arzulamışdır.

Nazim İsmayılov qadınların bir qrupuna mükafatlar təqdim etmişdir. Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, I dərəcəli «Əmək» ordenli Fatma Hüseynova, Sabirabad «Asan Xidmət» Mərkəzinin direktoru Elvin Cəfərov, rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev tədbirdə çıxış edərək bayram təbriklərini çatdırmışlar.

Bayram süfrəsi arxasında rayon xalq teatrının rejissoru Seyidməmməd Əliyevin aparıcılığı ilə keçən tədbir incəsənət ustalarının iştirakı ilə şən mahnılar və rəqslərlə yadda qalmışdır.

Keçidlər