Sabirabadda müasir dövlət idarəçiliyi ilə bağlı seminar keçirilmişdir
Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Sabirabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə «Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında» mövzusunda seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov «Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycanın təcrübəsi», akademiyanın Siyasi Araşdırmalar institutunun direktoru, millət vəkili, professor Elman Nəsirov «Dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi», elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli «Dövlət qulluğunda innovasiyaların yeni mərhələsi» mövzularında məruzələrlə çıxış etmişlər.
Natiqlər vurğulamışlar ki, Azərbaycan Respublikası müstəqilliyini yalnız 30 il öncə bərpa etməsinə baxmayaraq, qısa dönəmdə inklüziv və davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olmuşdur. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda 100 illik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır.
Seminarda beynəlxalq təşkilatlar tərəfindən 2017-2018-ci illərdə dərc edilmiş rəsmi statistik bilgilər təhlil olunmuşdur. Seminar iştirakçıları həmçinin Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılmışlar. Sözügedən texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, məhz dövlət başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında baş tutan Davos İqtisadi Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi imkanları daha yüksək olan ölkələrin çoxunu geridə qoymuşdur. Həmin ölkələr sırasında inkişaf etmiş Avropa İttifaqı dövlətləri də var. Bu və bənzər təqdirəlayiq nəticələrin ölkənin səmərəli idarə olunması və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verdiyi xüsusi vurğulanmışdır.
Seminarda eyni zamanda vurğulanmışdır ki, hazırda müstəqil Azərbaycan özünün sülhpərvər mövqeyi, qonşu region və bütövlükdə əməkdaşlığa meyilli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir və tərkib hissəsi olduğu regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.
Seminarda həmçinin bildirilmişdir ki, ölkəmizdə dövlət qulluğunun təşkili çərçivəsində reallaşdırılan əsaslı dəyişikliklər, tətbiq edilən yeni innovativ yanaşma və təşəbbüslər bu institutun nüfuzunun daha da artmasına imkan yaradacaq və Azərbaycanın yeni uğurlara aparacaqdır.
Seminarın yekununda iştirakçıların sualları cavablandırılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov seminarda iştirak və çıxış etmişdir.