Sabirabadda toxum istehsali kooperativi yaradılmışdır
Sabirabad rayonunun Axısxa kəndində yaradılmış “Axısxalılar Toxum İstehsal Kooperativi”nin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və kooperativin üzvləri iştirak etmişlər.
Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında bildirmişdir ki, ölkədə kiçik pay torpaqlarının birləşdirilməsi nəticəsində kooperativlərin yaradılması artıq zərurətə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, kənd təsərrüfatında fəaliyyət effektivliyi yüksəlmiş, məşğulluq artmışdır. Qarşımızda duran əsas məsələlərdən biri məhsuldarlığın artırılmasıdır. Bu hədəfə çatmaq üçün mövcud su və torpaq resurslarından səmərəli istifadə etmək lazımdır. Kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir, fermerlərin gəlirləri daha da artmış olur. Bu üsul həmçinin rəqabət qabiliyyətli məhsul istehsalına imkan verir, xarici bazarlara çıxışı asanlaşdırır. Kooperativləşmə aqrar sahədə bir çox məsələləri daha asanlıqla həll etməyə imkan verir. Kooperativ yaratmaq könüllü işdir. Biz belə təşəbbüsləri daim dəstəkləmişik. Nazirlikdə fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi fəaliyyət göstərir. Bu, Sabirabad rayonunda yaradılmış sayca ikinci, lakin ölkədə ilk ixtisaslaşmış kooperativdir. Kooperativin sərəncamında 730 hektar ərazi var. Yeni birlik öz sıralarında 231 ailədən 746 nəfəri birləşdirir.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov öz çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişaf etdirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur. Bu isə kənd adamlarının maddi vəziyyətinin yaxşılaşmasına, onların məşğulluğunun təmin olunmasına xidmət edir. Nazim İsmayılov kooperativin üzvlərini əlamətdar hadisə münasibətilə ürəkdən təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri “Axısxalılar Toxum İstehsal Kooperativi" haqqında məlumat vermişdir.
Tədbirdə “Axısxalılar Toxum İstehsal Kooperativi”nin sədri Araz Kindiyev, Axısxa kənd ağsaqqalı Hətəmşah Məcidov, rayonun qabaqcıl fermerlərindən İxtiyar Mehdiyev çıxış etmişlər.
Təqdimat mərasimindən sonra kooperativ üzvləri ilə ictimai müzakirələr, görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.