Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir

01 mart 2019 | 16:00

Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilmiş qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov martın 1-də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Saatlı, Hacıqabul, Salyan rayonları, Şirvan şəhəri və digər rayonlardan olan vətəndaşları qəbul etmiş, onların müraciətlərini dinləmiş, ərizə və şikayətlərinə baxmışdır.

Qəbuldan öncə nazir İnam Kərimov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra nazir İnam Kərimov yeni istifadəyə verilmiş Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olmuş, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşmüşdür.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 69 nəfərin müraciətinə baxılmışdır. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olmuşdur. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləmiş, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar vermişdir.

Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulamışdır.

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərmiş, etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 77 nəfər mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilmişdir.

Keçidlər