Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

14 fevral 2019 | 16:00

Sabirabad rayon Mədəniyyət Mərkəzində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, fermerlər, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşdular.

Yığıncaqdan əvvəl rayon rəhbəri, qonaqlar və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərimizin mərkəzi meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Tədbir iştirakçıları həmçinin Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş rayonumuzun sosial-iqtisadi mənzərəsini əks etdirən sərgiyə baxmış və fotostendlərə tamaşa etmişlər.

Yığıncaq açıq elan olunduqdan sonra rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir.

Qeyd etmişdir ki, keçən il respublikamızın hər yerində olduğu kimi, Sabirabad rayonunda da bütün sahələrdə uğurlar qazanılmış, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmişdir.

Rayonda kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi üçün İcra Hakimiyyətinin bilavasitə dəstəyi ilə yerli investorların cəlb edilməsi hesabına rayonda ümumi layihə gücü 45 milyon manat olan müxtəlif təyinatlı müəssisələr tikilmişdir.

Rayon üzrə 2018-ci ildə kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki illə müqayisədə 5,5 faiz artmışdır.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2017-ci il tarixli Sərəncamı ilə pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı təsdiq edilmişdir. Bu sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, pambıq istehsalına maddi marağın artırılması məqsədilə emal müəssisələrinə satılmış hər ton məhsulun alış qiyməti ümumilikdə 750 manata çatdırılmışdır.

Son iki ildə rayonda baramaçılıqla da məşğul olunmaqla keçən il rayon üzrə 14126 kq barama tədarük edilmişdir ki, bu da 2016-cı ildəkindən 2,8 dəfə çoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında üçüncü Dövlət Proqramının başa çatması ilə əlaqədar keçirilmiş konfransda ölkə başçısı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün daha məsuliyyətlə işləməyi, özümüzə tələbkarlığı artırmağı tələb etmiş, kadr islahatının əhəmiyyətini vurğulayaraq hər bir sahəyə rəhbərlik edən şəxslərin maksimum səmərə ilə çalışmasını qarşıya mühüm vəzifə kimi qoymuşdur.

Məruzə ətrafında rayon Məşğulluq Mərkəzinin direktoru Cavid Cavadov, Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, 1-ci dərəcəli “Əmək” ordenli Fatma Hüseynova, “Birlik” istehsal kooperativinin sədri Şamil Əliyev, Moranlı kəndindən pambıqçı Aslan Mirəliyev, rayon gəncləri adından Səbinə Soltanlı çıxış etmişlər.

Milli Məclisin üzvləri komitə sədri, akademik Əhliman Əmiraslanov, Rüstəm Xəlilov və Elçin Quliyev çıxış edərək ötən il rayonda görülmüş işləri yüksək qiymətləndirmişlər.

Prezident Administrasiyasının sektor müdiri Əlibaba Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı ilə bağlı mülahizələrini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Yığıncaq müvafiq qərar qəbul etmişdir.

Tədbirdə ötən il rayonun ictimai-siyasi həyatında, aqrar sahənin inkişafında fəal iştirakına görə bir qrup şəxsə mükafatlar, Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir. 

Keçidlər