Sabirabadda “Kütləvi çıxarış” kampaniyası keçirilmişdir
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Sabirabad rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş məmnunluğunu artırmaq məqsədilə ictimai xidmətlərdə sosial aksiyaları mütəmadi olaraq keçirir. “Kütləvi çıxarış”, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə xidmətin vətəndaşın ünvanına çatdırılması, mülkiyyət hüquqlarının geniş təminatı, vətəndaşların xidmətlərdən rahat istifadəsi, daşınmaz əmlakların çevik qeydiyyatı reallaşır. “Kütləvi çıxarış” kampaniyası ilə vətəndaşlara birbaşa ünvanlarında, iş yerlərində hazır çıxarışlar təqdim olunur, qeydiyyat xidmətləri göstərilir.
Bu sosial layihə rayonun 7 kəndini - Qalağayın, Nizami, Bulaqlı, Nərimankənd, Yastıqobu, Moranlı və Qaratəpə kəndlərini əhatə etmişdir. Keçirilmiş aksiya çərçivəsində 135 sakinə əmlaklarına dair hazır çıxarışlar təqdim olunmuş, qeydiyyata alınmış daşınmaz əmlaklardan 26-sı fərdi yaşayış evi, 20-si həyətyanı, 89-u kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən 40-a yaxın vətəndaş isə hüquq müəyyənedici sənədlərini komitə əməkdaşlarına təqdim etmişlər. Sənəd qəbulu və hazır çıxarışların verilməsi ilə bərabər, sakinlərə hüquqi xidmətlər də göstərilmişdır.