Sabirabad rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verildi
Məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Elə bu məqsədlə dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir.
2018-ci il noyabrın 19-da Sabiabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur.
Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq kənd sakinlərini qazın verilməsi münasibətilə təbrik etmiş, rayonun qazlaşdırılması sahəsində görülən işlərdən danışmışdır. 161 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 574 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı həmçinin paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edən qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Alqış sədaları altında qazın gəlişini bildirən məşəl alovlandırılmışdır.