Sabirabadın Mürsəlli və Şıxlar kəndlərinə təbii qaz verildi
Sabirabad rayonunun Mürsəlli və Şıxlar kəndlərinə təbii qazın verilməsi münasibətilə mərasimi rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq Möhtərəm Prezidentımiz İlham Əliyevin rəhbərliyi altında gənc dövlətimizin müstəqillik yolunda inamla addımlamasından, milli mənafelərə uyğun müstəqil daxili və xarici siyasət yeritməsindən iftixar və qürur hissi ilə danışdı. Sabirabadlılar dövlət başçısının diqqət və qayğısını hər vaxt hiss etmişlər deyən N.İsmayılov 2010-cu ildə bölgədə baş verən təbii fəlakətin qarşısının alınmasında və onun nəticələrinin aradan qaldırılmasında Prezidentin fədakarlığından ətraflı danışdı. Subasmaya məruz qalmış kəndlər, o cümlədən Mürsəlli və Şıxlar kəndləri də yenidən dirçəldi. Bu kəndlərdə möhkəm özüllü ev tikilib, Mürsəlli kənd tam orta məktəbi ən müasir tələblərə cavab verən səviyyədə yenidən qurulub, dövlət başçısı həmin təhsil müəssisəsinin açılışında iştirak edib. Kənddə tibb məntəqəsi inşa olunub, sakinlərə ziyana görə kifayət qədər kompensasiya ödənilib. Bu gün isə hər iki kənddə təbii qaz verilir, ümumilikdə 502 ailəyə istilik, hərarət bəxş olunur. Natiq çıxışının sonunda göstərdiyi davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə rayon əhalisi adından minnətdarlığını ifadə etdi.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun istismar və satış üzrə müavini Qamət Məmmədov sakinləri əlamətdar gün münasibətilə təbrik etdi, onlara xoş arzularını çatdırdı.
Ulacalı bələdiyyəsinin sədr müavini, şəhid atası Ziyadxan Gözəlov, Mürsəlli kənd ağsaqqalı Musa Musayev, Şıxlar kənd sakini, müəllimə Esmira Qədimova çıxış edərək sevinclərinin həddi-hüdudu olmadıqlarını bildirdilər, bütün bunlara görə Prezident İlham Əliyevə dönə-dönə minnətdarlıq etdilər.
Tədbir iştirakçıları adından ölkə Prezidentinə yekdilliklə müraciət qəbul olundu.
Conda İcra başçısı alqış sədaları altında mavi qaz məşəlini alovlandırdı.