Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İmişli rayonuna səfəri çərçivəsində Araz çayının yeni qol-kanalının açılış mərasimində qarşıya qoyduğu vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir
Sabirabad Mədəniyyət Mərkəzində Araz çayının yeni qol-kanalının açılış mərasimində qarşıya qoyulmuş vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bildirmişdir ki, oktyabrın 22-də Azərbaycan Prezidenti cənab İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxış edərək qarşıya mühüm vəzifələr qoymuşdur. Mərasimdə qarşıya qoyulan vəzifələr bizim hər birimizdən daha məsuliyyətlə çalışmağı tələb edir. Vaxtilə pambıqçılıq Sabirabadda yüksək inkişaf yolu keçmişdir. 112 min tonadək məhsul istehsal edilmişdir. Keçmiş şöhrəti qaytarmaq üçün pambıqçılarımız imkanlardan və ehtiyat mənbələrindən bacarıqla istifadə etməlidirlər.
Nazim İsmayılov pambıqçılıq sahəsində qazanılmış uğurlardan danışmışdır. Eyni zamanda qeyd etmişdir ki, yığım tapşırığının yerinə yetirilməsində zəif nəticə göstərən ərazi icra nümayəndələrindən və əlaqədar təşkilatların rəhbərlərindən verilən tapşırıqları yerinə yetirmək üçün maksimum səy göstərilməsini tələb etmişdir. Bildirmişdir ki, pambıq yığımı sürətləndirilməlidir. İmkanlardan və ehtiyat mənbələrindən bacarıqla istifadə edilməlidir. Əlverişli keçən hava şəraitindən səmərəli istifadə edilməli, pambıq son qozasınadək yığılmalıdır.
Tədbirdə ərazi icra nümayəndələrinin, şirkət təmsilçilərinin məlumatları dinlənilmişdir.
İcra başçısı Nazim İsmayılov digər məsələlərdən də danışmış, yığıncaq iştirakçılarına tapşırıq və tövsiyələrini vermişdir.