Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 2018-ci ilin doqquz ayının yekunları müzakirə edilmişdir

18 oktyabr 2018 | 16:00

 

   Oktyabrın 18-də rayon İcra Hakmiyyətinin iclas zalında keçirilmiş yığıncaqda cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yığıncaqda RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı ilə əlaqəli olan şirkətlərin təmsilçiləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov hesabat məruzəsi ilə çıxış etmişdir. İcra başçısı bu ilin oktyabrın 9-da keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin nitqində əks olunan prioritet məsələləri diqqətə çatdırmışdır.

Nazim İsmayılov sonra cari ilin 9 ayında görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, rayonda cari ilin 9 ayında bütün sahələrdə inkişaf təmin olunmuş, sosial infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində tədbirlər görülmüş və görülməkdədir.

Dövlət başçısı sahibkarlar tərəfindən investisiya qoyuluşuna diqqətin artırılmasını bir vəzifə kimi qarşıya qoymuşdur. Bu məqsədlə rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün iş adamlarına hər cür şərait yaradılmışdır. Elə bunun nəticəsidir ki, bu istiqamətdə xeyli iş görülmüş, sahibkarlar tərəfindən istehsal müəssisələrinin yaradılması üçün 30 milyona yaxın investisiya qoyulmuşdur. Nizami kəndi ərazisində «Muğan quşçuluq» MMC-nin tikintisi davam etdirilir. Nərimankənd və Şəhriyar kəndlərində müasir tələblərə cavab verən istixana kompleksləri tikilmişdir. Hazırda bu istixanalarda məhsul istehsal olunur. Məmişlər, Salmanlı və Həşimxanlı kəndlərində də istixana kompleksləri yaradılır.

Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri də pambıqçılıqdır. Rayonda pambıqçılığın inkişaf etdirilməsi məqsədilə xeyli iş görülmüşdür. Cari ildə 3680,5 hektar «MKT İK» MMC Sabirabad rayon filialı, 4230 hektar «Azərpambıq» MMC, 2513 hektar «P-Aqro» MMC, 200 hektar «AqroAz» MMC tərəfindən və 2431,5 hektar isə fərdi qaydada əkilmişdir. Ümumilikdə 13055 hektar sahədə pambıq əkini aparılmışdır. Pambıq sahələrində həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində bol məhsul yetişdirilmişdir. Bu günə kimi 10 min tondan yuxarı xam pambıq tədarük edilmişdir ki, bu da ötən illə müqayisədə xeyli çoxdur. Hazırda pambıq yığımı uğurla davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Qaralar kəndi ərazisində tikilib istifadəyə verilmiş pambıq qəbulu məntəqəsində də xam pambığın tədarükünə başlanılmışdır. «Azərpambıq» MMC-nin Sabirabad rayonundakı tədarük məntəqəsinin bazasında pambıq emalı müəssisəsinin yaradılması istiqamətində işlər aparılır.

Cari ilin 9 ayında 18854 ton kartof, 51976 ton tərəvəz, 100221 ton bostan məhsulları, 8697 ton meyvə istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 2 ton, tərəvəz 260 ton, bostan məhsulları 791 ton, meyvə isə 2,4 ton çox olmuşdur.

İxracyönümlü əsas məhsullardan biri də pomidordur. Payız-qış mövsümündə pomidor və xiyar yetişdirmək üçün rayonda 100-dən yuxarı istixana mövcuddur ki, burada xeyli məhsul istehsal olunur. İstehsal olunan məhsulun çox hissəsi xarici ölkələrə ixrac edilir.

Heyvandarlıq məhsullarının istehsalının artırılmasında daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 15 süni mayalanma məntəqəsi yaradılmışdır.

Cari ildə rayona lizinq yolu ilə 267 baş iribuynuzlu mal-qara gətirilmişdir ki, bundan 126 başı simmental, 141-i isə holşteyn-şviss cinslərindəndir. İribuynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1390 baş artaraq 121193 baş, xırdabuynuzlu mal-qaranın sayı isə 405 baş artaraq 226735 baş olmuşdur.

Bitkiçiliyin inkişafında və məhsuldarlığın artırılmasında torpaqların suvarılması və digər meliorativ tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və digər kəndlərinin suvarma təminatının yaxşılaşdırılmısı üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 30 km olan «H» kanalının çəkilişi başa çatdırılmış birinci pillədə aqreqatlar quraşdırılmış, Moranlı nasos stansiyasında bu işlərə başlanılmışdır. Layihədə nəzərdə tutulan işlər tam başa çatdıqdan sonra 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaranacaqdır.

«Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması» layihəsinin icrası davam etdirilir (13866 ha). İlkin mərhələdə ilin sonuna kimi 5 min hektar sahənin suvarılması təmin ediləcəkdir. Həmin ərazidə «Aqropark» yaradılması nəzərdə tutulmuşdur.

Son illər rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Uzunluğu 18 km olan Surra-Padar avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmışdır.

15 kənd yaşayış məntəqəsini birləşdirən, uzunluğu 60 km olan Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolu əsaslı təmir olunur.

Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2018-ci il tarixli Sərəncamına əsasən 22 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 39 km olan Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisinin başa çatdırılması üçün 15,1 milyon manat vəsait ayrılmışdır. Yolun tikintisi ilin sonuna kimi başa çatdırılacaqdır.

Uzunluğu 46 km olan Sabirabad-Həşimxanlı-Şirvan avtomobil yolunun təmir olunmamış 36 km-də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Rayon mərkəzində və 26 kənddə kabelləşmə işləri aparılmış, 9 kənddə isə bu işlərə başlanılmışdır. Hazırda rayonun Beşdəli və Cavad kəndlərində kabelləşmə işləri sürətlə davam etdirilir.

Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə xeyli iş görülmüşdür. Hazırda rayon mərkəzinə və 74 kənddən 62-nə təbii qaz verilir. Cari ildə Yastıqobu, Yuxarı Axtaçı kəndlərinə və Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbəyə təbii qaz xəttinin çəkilişi nəzərdə tutulmuşdur. Yuxarı Axtaçı və Yastıqobu kəndlərinə təbii qaz verilmiş, Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbəyə təbii qaz xəttinin çəkilişi yekunlaşmaq üzrədir.

Təhsil sisteminin maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbi tikilib istifadəyə verilmişdir. 200 şagird yerlik Bulaqlı kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılmışdır. 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində isə əsaslı təmir işləri davam etdirilir.

Rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Cari ildə rayonun Çığırğan kəndində tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Ağ ciyər xəstəlikləri xəstəxanası Perenatal Mərkəzinin binasına köçürülmüşdür.

1993-cü ildə istifadəyə verilmiş, ümumi sahəsi 814 kvadratmetr olan ikimərtəbəli Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir işləri başa çatmaq üzrədir.

Məruzə ətrafında rayon Telekommunikasiya Qovşağının rəisi Ceyhun Abidzadə, «MKT İK» MMC Sabirabad rayon filialının direktoru Ramil Əsədov, «Azərpambıq» MMC rayon filialının direktoru Elbrus Məmmədbəyov, «Kənd təsərrüfatı» MMC-nin direktoru Xalid Məmmədov və Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, I dərəcəli «Əmək» ordenli Fatma Hüseynova çıxış etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov yığıncağa yekun vuraraq iştirakçıları 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmiş, onlara cansağlığı, işlərində uğurlar arzulamışdır.

Keçidlər