Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad yeni inkişaf dövrünü yaşayır

22 fevral 2013 | 16:00

Bu gün Sabirabad öz keçmiş şöhrətini qaytarmaq əzmindədir. Rayonda böyük tikinti, quruculuq və abadlıq işləri geniş vüsət alıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik qayğısı sayəsində Sabirabadın infrastukturu dinamik inkişaf etməkdədir.
2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağının nikbin ruhda keçməsi də ilk növbədə  məhz bu amillə izah edilməlidir.
Fəallar yığıncağını əslində Sabirabadın rəhbərliyinin içtimaiyyət nümayəndələri ilə növbəti işgüzar görüşü də adlandırmaq olar. Bundan əvvəl 56 kəndin sakinləri ilə görüşləri də birbaşa ünsiyyət, açıq diskusiya şəraitində keçmiş və demək olar ki, özünü doğrultmuşdur. Bu arada təşkil olunan çoxsaylı qəbullarda və səyyar görüşlərdə isə rəhbərliklə sakinlər arasında açaq söhbətlər qarşıda duran konkret vəzifələrin müəyyən edilməsi baxımından faydalı olub.
İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov fəallar yağıncağını açaraq yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarının müzakirəsi zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrədən danışdı. Ölkədə bütün iqtisadi göstəricilər yüksək səviyyədə olmuş və iqtisadiyyatın əsas göstəricisi olan ümumdaxili məhsulun 2,2 faiz artdığını, qeyri-neft sektorunda artımın 9,7 faiz təşkil etdiyini, əsas kapitala investisiya qoyuluşunun 22 milyardı keçdiyini, bunun da 13 milyarddan çoxunun daxili, 9 milyarda yaxını isə xarici investisiyalar olduğunu,  2012-ci ildə ölkə üzrə 93 min daimi olmaqla 117 min yeni iş yeri açıldığını, ümumiyyətlə qəbul edilmiş birinci Dövlət Proqramının əvvəlindən 1 milyon 200 min yeni iş yeri açıldığını, yoxsulluğun səviyyəsinin 7,6 faizdən 6 faizə endiyini xüsusi vurğuladı.
Bütün bu inkişafın kökündə dövlət başçısının gərgin işi, yorulmaz fəaliyyəti dayandığını deyən,- İcra Başçısı Sabirabad rayonunda da aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində yüksək nailiyyətlər əldə edildiyindən ətraflı bəhs etdi. O, bildirdi ki, rayonda iqtisadiyyatın bütün sahələrində 2011-ci illə müqayisədə nəticələr yüksəlmişdir. Hesabat dövründə istehsal olunan məhsulun həcmi 313 milyon 599 min manat olmuşdur ki, bu da 2011-ci ilə nisbətən 10,5 faiz çoxdur. 2012-ci ildə 4 milyon 740 min manatlıq sənaye məhsulu, 150 milyon 659 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Əhaliyə 557 min manat həcmində poçt, rabitə, 36 milyon 716 min manat pullu xidmətlər göstərilmişdir. Əmtəə dövriyyəsi 157 milyon 743 min manat təşkil etmişdir. 95 milyon 186 min manatlıq tikinti-quraşdırma işləri aparılmışdır ki, bu ötən illə müqayisədə 8 milyon 356 min manat və ya 9,6 faiz çox olmuşdur. Əsas kapitala 104 milyon 773 min manat investisiya yönəldilmişdir ki, bu da ötən dövrlə müqayisədə 21 milyon 79 min manat və ya 25,2 faiz çoxdur. Adambaşına düşən pul gəlirləri əvvəlki ildəkindən 89 manat artaraq 1788 manat olmuşdur.
Hesabat ilində rayonda 2012-ci ildə 13 yeni müəssisə yaradılmış, 553 iş yeri açılmışdır ki, bunun da 448-i daimi, 105-i isə müvəqqəti iş yerləridir.
Rayonda gedən abadlıq və quruculuq işləri sürətlə davam etdirilərək şəhərin Heydər Əliyev prospektində və 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binalarının fasad hissələri, pəncərələri və dam örtükləri müasir üslubda yenidən qurulmuş, prospekt boyu istinad divarları plitələrlə üzlənmişdir. Heydər Əliyev prospektində yerləşən 15 və 17 saylı beşmərtəbəli yaşayış binalarının həyətində uşaqlar üçün əyləncə parkı salınmışdır. Ulu öndərin adını daşıyan parkda yenidənqurma işləri aparılır. Həmin ərazidə sahəsi 4 min kv.metr olan Heydər Əliyev Mərkəzi inşa edilir. Rayon İcra Hakimiyyətinin və keçmiş rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinə məxsus inzibati binalarında, həmin ərazidəki meydanda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Maliyyə idarəsi üçün üçmərtəbəli binalar tikilir. Heydər Əliyev prospekti boyunca müasir işıqlandırma sistemi quraşdırılmışdır. Eyni zamanda prospektdə olan yüksək gərginlikli hava verilişi xəttləri yeraltı kabellərlə əvəz olunmuşdur. Yağış sularının ötürülməsi ilə bağlı prospekt və küçələrdə su ötürücü kanallar çəkilmişdir.
Rayon ərazisində sahibkarlıq məqsədilə 42 ticarət, ictimai iaşə və digər xidmət obyektləri tikilib istifadəyə verilmiş, əhali tərəfindən 36,4 min kv.metr olan 293 fərdi yaşayış evi inşa edilmişdir.
Yığncaqda vurğulandı ki, 2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə “2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli Sərəncamı əhali tərəfindən razılıqla qarşılanmaqla bu sahədəki problemlərin aradan qaldırılmasını təmin etmişdir. Təbii fəlakətdən keçən dövr ərzində rayon üzrə 1439 ev tikilmiş, 380-da son tamamlama işləri gedir. Rayonun Ulacalı kəndində sel daşqını nəticəsində evləri yararsız vəziyyətə düşmüş sakinlər üçün bütün infrastruktura malik 77 fərdi yaşayış evindən ibarət yeni qəsəbə salınmışdır. Ötən müddət ərzində təbii fəlakətdən ziyan çəkmiş 16099 ailəyə 17 milyon 286 min manat məbləğində müxtəlif təyinatlı kompensasiya ödənilmişdir.   
Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafından da ətraflı danışıldı. Deyildi ki, torpaq islahatının aparılması nəticəsində rayonumuzda 23763 ailəyə (102583 nəfər) 45236 ha torpaq payı verilmişdir. İndi rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının hamısı özəl sektorun payına düşür. Rayonda 114 kənd təsərrüfatı və xidmət təşkilatları fəaliyyət göstərir ki, ondan 77-si kənd təsərrüfatı müəssisəsi, 4-ü kooperativ, 73-ü özəl, 37-si xidmət təşkilatı, 31-i fərdi sahibkardır. Rayonun Axısxa və Çöl Beşdəli kəndlərində torpaq mülkiyyətçiləri öz pay torpaqlarını könüllü şəkildə birləşdirərək istehsal kooperativləri yaratmışlar.
2012-ci ildə əvvəlki ildən 924 hektar çox, yəni 56399 hektarda əkin aparılmaqla kənd təsərrüfatı məhsullarının istehsalı 2011-ci ilə nisbətən 5,7 faiz və ya 8 milyon manat artaraq 150 milyon manata çatmışdır. 
Hesabat ilində 67670 ton taxıl, 4053 ton pambıq, 14245 ton kartof, 43215 ton tərəvəz, 15317 ton meyvə, 54375 ton bostan, 1973 ton qarğıdalı məhsulları istehsal edilmişdir. Əvvəlki illə müqayisədə rayon üzrə 2012-ci ildə taxıl 13570 ton (125,1 faiz), pambıq 238 ton (106,2 faiz), meyvə 219 ton (101,5 faiz), yem bitkiləri 5026 ton (103,4 faiz) çox istehsal olunmuş, hər hektardan məhsuldarlıq  artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı ilkin mərhələdə Dövlət Ehtiyat Fond torpaqlarından və qış otlaq sahələrindən 5000 hektarında meliorasiya tədbirlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun nəticəsində rayonun Muğan Gəncəli, Moranlı, Sarxanbəyli kəndlərində suvarmadakı problemlər də öz həllini tapacaqdır. Gələcəkdə də bu tədbirlər davam etdiriləcəkdir.
Heyvandarlığın inkişafı da təmin edilmişdir. Son bir ildə iri buynuzlu mal-qaranın sayı 1737 baş artaraq 111 453 baş, xırda buynuzlu mal-qaranın sayı 7249 baş artaraq 192 525 baş, quşların sayı 102 min baş  artaraq 878 min başa çatmışdır.
Ət istehsalı (diri çəkidə) 13101 ton, süd istehsalı 84581 ton, yun istehsalı 418 ton, yumurta istehsalı 47 milyon 330 min ədəd olmuşdur. 2011-ci illə müqayisədə 2012-ci ildə ət istehsalı 6,0 faiz, süd istehsalı 5,3 faiz, yumurta istehsalı 5,8 faiz çox olmuşdur. 
Əkinçiliyin inkişafında torpaqların suvarılması və meliorasiya işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə rayonun meliorasiya təşkilatları tərəfindən ötən il 1463,1 km uzunluqda su kanalları, 435 km uzunluğunda dren-kollektor şəbəkəsi lildən təmizlənmişdir.
2012-ci ildə Kür və Araz çaylarının sağ və sol sahilləri boyunca mühafizə bəndlərinin möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Mövcud mühafizə bəndlərinin bərpası yeni layihə üzrə mühəndis-hidrotexniki qaydalara uyğun olaraq aparılmışdır.
Rayonun Ulacalı və Əhmədabad kəndlərində Dünya Bankının vəsaiti hesabına Sudan İstifadəedənlər Birliklərinin inkişafına dəstək layihəsi həyata keçirilir ki, bu da həmin ərazilərdə mövcud suvarma və drenaj kollektor şəbəkələrinin əsaslı şəkildə yenidənqurulmasını təmin edəcəkdir.
Rayonda əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə Elektrik Şəbəkəsi və “Azenko” tikinti təşkilatı tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir. 2012-ci ildə 10/04 kv-luq yarımstansiyalarda sıradan çıxmış müxtəlif gücə malik 8 ədəd yeni transformator quraşdırılmış, 36 transformator isə əsaslı təmir edilərək bərpa olunmuşdur. Məcburi köçkünlərin məskunlaşdığı Şəhriyar və Güdəcühür köçkün düşərgələrində elektrik enerjisi təminatını yaxşılaşdırmaq üçün hava xətləri yenisi ilə əvəzlənmiş, transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılmışdır. Cari ildə Cavad yarımstansiyasından qidalanan bütün transformator yarımstansiyalarında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Görülmüş işlər nəticəsində rayon üzrə “Smart” kart tipli sayğaclardan istifadə edən abonentlərin sayı 11487-yə çatmışdır.
Ölkə Prezidentinin tapşırığına əsasən rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə işlər sürətləndirilmişdir. 2012-ci ildə görülən işlər nəticəsində 3413 abonentə təbii qaz verilmiş və hazırda abonentlərin sayı 9182-yə çatmışdır. Heydər Əliyev prospektində yerləşən 118 saylı beşmərtəbəli, 3, 3a və 11b saylı ikimərtəbəli yaşayış binalarına da təbii qaz verilmişdir. Ümumilikdə keçən il şəhər ərazisində 25495 metr qaz xətti çəkilmişdir. Rayonun Nərimankənd kəndində 526 abonentə, Ulacalı kəndində 884 abonentə, Mürsəlli kəndində 350 abonentə, Şıxlar kəndində isə 152 abonentə təbii qazın verilməsi təmin olunmuşdur. Qaratəpə, Əhmədabad, Bulduq, Qaraqaşlı, Quruzma, Qəzli, Azadkənd, Qaralar kəndlərinə müxtəlif diametrli borularla qaz xətti çəkilir. 2013-cü ildə rayonun digər kəndlərində də qazlaşdırılma işləri davam etdiriləcəkdir.
Ölkədə içməli su və kanalizasiya layihələrinin icrası istiqamətində qlobal layihələr həyata keçirilir. Keçən il şəhər əhalisini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə sutəmizləyici qurğu təmir edilmiş, anbarlar lildən təmizlənmişdir. Kür çayı üzərindəki 1 saylı qaldırıcı nasos stansiyasından sutəmizləyici qurğu istiqamətinə gedən su borusunun istifadəyə yararsız hissəsi yenisi ilə əvəz olunmuş, qaldırıcı su nasosları, elektrik mühərrikləri və transformatorlar təmir edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 23 avqust 2011-ci il tarixli sərəncamı ilə 2012-ci ildə rayonun Xankeçən, Poladtuğay, Bulaqlı, Qaratuğay və Şıx Salahlı kəndlərində modul tipli sudurulducu qurgu inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Ümumilikdə rayonun 24 kəndində sudurulducu qurğu quraşdırmaqla bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Sabirabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə 2012-ci il iyunun 7-də rayonda təməlqoyma mərasimi keçirilmişdir. Layihəyə əsasən Talış su kəmərindən Sabirabad şəhərinə su xətti çəkiləcəkdir. Həmin xətt vasitəsilə su borusu keçən ərazilərdə yerləşən kəndlərə və rayon mərkəzinə yaxın digər kəndlərə də içməli suyun verilməsi təmin ediləcəkdir. 
16 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Hacıqabul rayonunda keçirilən Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində təqdim olunan layihədə Sabirabad rayonunun 13 kəndinə də içməli suyun verilməsi öz əksini tapmışdır.
Rayon mərkəzində çirkab sular yığınağı olan “Axmaz” adlanan ərazinin qurudulması ilə bağlı tədbirlər görülür. Həmin ərazidən Suqovuşan kəndində olan kollektora qədər 2 km məsafədə yeraltı boru çəkilmişdir. Qurudulmuş əraziyə torpaq verilir və yeni nasos stansiyasının qurulması istiqamətində işlər yekunlaşmaqdadır.
Dövlət İnvestisiya Proqramı çərçivəsində respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində geniş işlər görülür. Ötən il sakinlərin rayon mərkəzinə gediş-gəlişini asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2011-ci il tarixli sərəncamı ilə Cavad kəndi ərazisində Kür çayı üzərində inşa olunan körpüdə işlər başa çatmışdır.
Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsində yenidənqurma və əsaslı təmir işləri davam etdirilir və cari ildə bu işlər başa çatdırılacaqdır.
Keçən il 27 km uzunluğunda Surra-Padar avtomobil yoluna asfalt döşənərək təmir edilmişdir. Rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına bir sıra kəndarası yollarda da cari təmir işləri aparılmışdır.
Tədbirdə təhsil və səhiyyə obyektlərinin əsaslı təmir edilməsi, yenilərinin tikilməsi  və onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamtində geniş tədbirlərin həyata keçirildiyindən də danışıldı. Bildirildi ki, yeni tədris ilində hər biri 480 şagird yerlik olmaqla Eynulla Nadirov adına şəhər 8 saylı və Nərimankənd, 240 şagird yerlik Yuxarı Axtaçı kənd tam orta, Ulacalı kənd ibtidai məktəbləri tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Nizami Gəncəvi adına şəhər 5 saylı və Hacı Zeynalabdin Tağıyev adına şəhər 6 saylı tam orta məktəblərində bərpa-gücləndirmə işləri başa çatdırılmışdır. 2012-ci ildə 2 saylı şəhər uşaq bağçası əsaslı təmirdən sonra bütün lazımi inventar və avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. 1200 şagird yerlik Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı tam orta məktəb binasının tikintisi davam etdirilir. Z.Tağıyev adına şəhər 6 saylı tam orta məktəbində 200 şagird yerlik əlavə sinif otağının tikintisinin, Qarağac və Kovlar kənd tam orta məktəblərində isə təmir işlərinə başlanılması ilə bağlı hazırlıq görülür.
Ümumtəhsil məktəblərinin əsas göstəricisi məzunların ali və orta ixtisas məktəblərinə qəbuludur. Keçən il tələbə adını qazanmaq arzusunda olan 180 məzun müxtəlif ali məktəblərə qəbul olmuşdur. Bu da ötən illə müqayisədə 29 nəfər çoxdur. Abituriyentlərdən 3 nəfəri 600-dən, 16 nəfəri isə 500-dən yuxarı bal toplamışlar.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması ilə bağlı Mərkəzi Rayon Xəstəxanası tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının tapşırığı ilə 2012-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi tərəfindən «Sağlam həyat uğrunda» devizi altında sağlamlıq aylığı keçirilmişdir. Burada əsas məqsəd insanları mütəmadi olaraq müayinədən keçməyə alışdırmaq, patologiyaları vaxtında aşkarlamaq və hər hansı bir xəstəliyi olanları müalicəyə cəlb etməkdən ibarətdir. Aylıq çərçivəsində 4600 nəfər rayon sakini tibbi müayinədən keçmiş, aşkar olunan xəstələr müalicəyə cəlb edilmişlər.
Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Mərkəzi Rayon Xəstəxanası üçün müasir tələblərə cavab verən 205 çarpayılıq xəstəxana binasının tikintisinə başlanılmışdır. Yaponiya Səfirliyinin dəstəyi ilə rayonun Qəzli kəndində 15 çarpayılıq xəstəxana binası tikilərək əhalinin istifadəsinə verilmişdir. Rayonun Axtaçı Muğan kəndində yerləşən sahə xəstəxanasında əsaslı təmir işləri başa çatdırılmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun Qasımbəyli kəndində yeni həkim məntəqəsi tikilmişdir.
2012-ci il ərzində  Mədəniyyət və Turizm şöbəsi əhalinin asudə vaxtının, kitabxana və muzey xidmətinin təşkili, maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görmüşdür. «Azərbaycan Respublikasında Kitabxana-İnformasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrası ilə bağlı M.Ə.Sabir adına Mərkəzi kitabxanada Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi yaradılmış, Prezident cənab İlham Əliyevin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında hədiyyə olunan kitabların bazada yerləşdirilməsi işi davam etdirilmişdir.
Hesabat ilində respublikamızın həyatında mühüm əhəmiyyət kəsb edən tarixi hadisələr, bayramlar və yubileylərlə bağlı mədəni-kütləvi tədbirlər hazırlanıb keçirilmişdir. Rayon Mədəniyyət evinin A.İsgəndərov adına xalq teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət «Mübarizlər» qrupu tərəfindən hazırlanmış «Xocalı harayı» ədəbi-bədii-musiqili kompozisiya rayon məktəblərində, mədəni-maarif müəssisələrində, rayon mədəniyyət evində, 24 fevral 2012-ci il tarixdə isə R.Behbudov adına Dövlət Mahnı teatrında nümayiş etdirilmiş və tədbirin sonunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kollektivin üzvləri fəxri-fərmanla təltif olunmuş və pul mükafatına layiq görülmüşlər.
Mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən tədbirlər görülür. Hazırda 456 yerlik rayon Mədəniyyət sarayında əsaslı təmir işlərinə başlanılmışdır.
Əhalinin aztəminatlı hissəsinin-pensiyaçıların, şəhid ailələrinin, müharibə və əmək veteranlarının, bu qismdən olan bütün təbəqələrin sosial müdafiəsini yaxşılaşdırmaq daim dövlətin diqqət mərkəzində olmuşdur.
Sosial sığorta haqlarının müəyyən edilməsi və toplanması sahəsində müvafiq dəyişikliklər edilmiş, sığorta olunanların fərdi uçotu yaradılmışdır. Əmək pensiyalarının ümumi məbləği baza, sığorta və yığım hissələrindən ibarətdir ki, bu da beynəlxalq təcrübədə özünü doğruldan sistemdir. «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 08 fevral tarixli Sərəncamına əsasən 01 yanvar 2012-ci il tarixdən əmək pensiyalarının sığorta hissəsi 7,9 faiz indeksləşdirilərək artırılmışdır. Sərəncama əsasən 18347 pensiya işində yenidən haqq-hesab aparılmış və pensiyaçılara əlavə olaraq il ərzində 742 min 740 manat məbləğində vəsait hesablanmışdır. Həmin dövr ərzində 29 milyon 920 min manat məbləğində pensiya və müavinət verilmişdir.
Respublikada həyata keçirilən sosial proqramlardan biri də sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara kompensasiyaların verilməsi təşkil etmişdir. Dövlət tərəfindən vətəndaşlara 100 milyon manatlarla kompensasiya verilmişdir. Rayonumuzda da bu proqramın icrası ilə bağlı tədbirlər həyata keçirilmiş 1534 nəfər əmanətçiyə 4 milyon 393 min manat məbləğində kompensasiya ödənilmişdir.
Ötən il sərnişin nəqliyyat xidmətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Nəqliyyat sektorunda yük daşınmasının həcmi əvvəlki illə müqayisədə 12 faiz artaraq 2 milyon 945 min manat olmuşdur. Hazırda dövlət qeydiyyatından keçmiş 4 şəhərlərarası, 4 şəhərdaxili avtobus marşrutları fəaliyyət göstərir. Əhaliyə göstərilən sərnişin nəqliyyat xidmətini daha da yaxşılaşdırmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən Sabirabad rayonuna 4 ədəd yeni “İSUZİ” markalı avtobuslar hədiyyə edilmişdir. Həmin avtobuslar Sabirabad-Şirvan, Sabirabad-Narlıq, Sabirabad-Muradbəyli və şəhər daxili marşrutlara cəlb olunmaqla əhali tərəfindən böyük razılıqla qarşılanır.
Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2012-ci il tarixli Sərəncamı ilə “2012-ci il Azərbaycanda İdman İli” elan edilmişdir. Bununla bağlı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya təşkil edilmiş, tədbirlər planı hazırlanmış, ictimai əsaslarla 11 federasiya yaradılmışdır. Tədbirlər planına əsasən Olimpiya İdman Kompleksində və Şahmat məktəbində idarə-müəssisələr arasında futbol, voleybol, şahmat, sərbəst güləş, dama, nərd və sair idman oyunları üzrə çempionatlar keçirilmişdir. Yarışlarda futbol üzrə 1-ci yeri tutmuş Neftbaza komandasına, şahmat üzrə rayon Gənclər və İdman idarəsinə, voleybol üzrə Qasımbəyli kənd komandasına və 2-ci, 3-cü yerləri tutmuş digər komandalara kubok, diplom və hədiyyələr verilmişdir. Bundan əlavə müxtəlif idman növləri üzrə respublika və rayon əhəmiyyətli idman yarışları da keçirilmişdir. Yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyində Qaratəpə kəndindən 47 kq çəkidə Səməd Həsənzadə 1-ci, 42 kq çəkidə Seymur Adışov 3-cü yeri tutmuşlar.
Təqdirə layiq haldır ki, 2012-ci ilin yekunlarına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Sabirabad Olimpiya İdman Kompleksi ilin ən yaxşı idman qurğusu elan edilmişdir.
Rayonda milli azlıqlarla müntəzəm iş aparılır. Rus icmasının üzvlərinin qaldırdıqları hər bir məsələyə diqqətlə yanaşılır. Ötən ildə də Pravoslavların Pasxa bayramı rayon İcra Hakimiyyətinin dəstəyi ilə yüksək səviyyədə qeyd edilmişdir.
2012-ci ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha da gücləndirilmişdir. Rayonumuzda məskunlaşan 5946 nəfər məcburi köçkünün, 2305 nəfər qaçqının yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üçün müəyyən işlər görülmüşdür. 316 hektar əkinə yararlı torpaq sahəsi onların istifadəsinə verilmiş, heyvandarlıqla məşğul olan məcburi köçkün ailələrinə 194 hektar örüş sahəsi ayrılmışdır. Güdəcühür və Şəhriyar köçkün düşərgələrində məskunlaşmış 440 ailəyə Güdəcühür kəndi ərazisində bu il iki qəsəbənin salınması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması, haqlı tələblərinin həll edilməsinin təmin olunması ilə bağlı icra strukturları qarşısında mühüm vəzifələr qoymuşdur. RİHB aparatında vətəndaşların qəbuluna xüsusi önəm verilir. 2012-ci ildə RİH başçısı aparatında 3820 nəfər, o cümlədən başçı tərəfindən 1724 nəfər vətəndaş qəbul edilmişdir. 
  N.İsmayılov sonra dede:
-2013-cü ildə qarşıda çox mühüm vəzifələr durur. Biz hamılıqla birlikdə çalışmalıyıq ki, onların öhdəsindən layiqincə gələk. Bu ilin may ayında Azərbaycan xalqı özünün xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd edəcəkdir. Ölkənin hər yerində olduğu kimi rayonumuzda da bu böyük tədbirə ciddi hazırlıq görülür. Bunun üçün hər birimiz öz işimizə məsuliyyətlə yanaşmalı, özümüzə qarşı tələbkarlığı artırmalıyıq. İcazə verin Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevi möhkəm əmin edim ki, Ümummilli lider Heydər Əliyev ideyalarını daim uca tutan sabirabadlılar bundan sonra da ölkə başçısının ətrafında sıx birləşərək onun qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində maksimum çalışacaqlar.
Yığıncaqda çıxış edən rayon rayon əhsil şöbəsinin müdiri elman Bünyadov, Qaz İstismar sahəsinin müdiri Qənimət Səmədov, Ulacalı kənd ərazi bahidliyinin nümayəndəsi Vüqar Babayev, gənclər adından Günay Həsənova, rayon Qarabağ müharibəsi beteranları birliyinin sədri Faiq Hüseynov, Balahəşimxanlı kənd ağsaqqalı Dünyamalı Fərəcov, məcburi köçkün Arif Əliyev  və başqaları görülən işlərdən ətraflı danışdılar və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da səylə çalışacaqlarını əmin etdilər və qarşıdan gələn Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini dönə-dönə vurğuladılar.
Tədbirdə prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, millət vəkilləri Rüstəm Xəlilov, Cehun Osmanlı çıxış edərək ölkədəki sosial-iqtisadi inkişaf tədbirlərindən söz açdılar, Sabirabadda görülmüş işləri yüksək qiymətləndirdilər.
Hesabat yığıncağına yekun vuran İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov diqqəti qarşıda duran mühüm vəzifələrə cəlb etdi. O, bir daha bildirdi ki, bu vəzifələrdən ən əsası Sabirabadı ən yaxın dövrdə Muğanın ən abad mərkəzinə çevirmək və sakinlərin rifah halını daha da yaxşılaşdırmaqdır.
Axırda ölkə başçısına yekdilliklə müraciət qəbul edildi.

Keçidlər