Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda müəllimlərin sentyabr konfransı keçirilmişdir

10 sentyabr 2018 | 16:00

Sentyabrın 10-da Heydər Əliyev Mərkəzində rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ehtiramla yad edilmiş, önünə gül-çiçək dəstələri qoyulmuşdur.

Heydər Əliyev Mərkəzində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev konfransı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayevin «2017/2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr» mövzusunda hesabat məruzəsi dinlənilmişdir. Məruzədə qeyd edilmişdir ki, rayonda 65 tam orta, 15 ümumi orta, 5 ibtidai ümumtəhsil məktəbi, Uşaq-Gənclər İdman, Şahmat məktəbi fəaliyyət göstərir. Ötən dərs ilində rayonun ümumtəhsil məktəblərində 26220 şagird təhsilə cəlb olunmuş, onların təhsili və tərbiyəsi ilə 2418 nəfər pedaqoji işçi məşğul olmuşdur. Müəllimlərimizdən 7 nəfəri «Respublikanın əməkdar müəllimi» fəxri adına, 11 nəfəri «Tərəqqi medalı»na layiq görülmüş, 14 nəfəri «Qabaqcıl təhsil işçisi»dir.

2018-ci ilin buraxılış imtahanlarında yaxşı nəticə göstərən məktəblərimiz vardır. 2 nömrəli məktəb-lisey, 3, 5 nömrəli şəhər tam orta məktəbləri, Muğan Gəncəli, Qaratəpə, Rüstəmli, Türkədi tam orta, Yasıtıqobu kənd ümumi orta məktəblərini bunlara misal göstərmək olar. Buraxılış imtahanlarında zəif nəticə göstərən məktəblərimiz də vardır. Yolçubəyli, Qaragüney 2 nömrəli, Əliləmbəyli, Azadkənd, Nəsimi, Narlıq, Dadaşbəyli, Əsədli, Kovlar, Quruzma, Nizami, Yaxa Dəllək kənd məktəbləri və 9 nömrəli şəhər ümumi orta məktəbi bu sıradadır.

Son 3 ildə ali məktəblərə qəbul olunanların sayında ilbəil artım müşahidə olunur. 2018-ci ildə ali məktəblərə 331 nəfər məzunu daxil olmuş, bunlardan 15 nəfəri 600-dən çox, 37 nəfəri 500-600 arası bal toplamışdır. 2 nömrəli məktəb-liseyindən, 5 nömrəli tam orta məktəbindən faiz hesabı ilə götürdükdə daha çox məzun ali məktəblərə qəbul olunmuşdur. 2 nömrəli məktəb-liseyin məzunu Qənizadə Turə Seymur qızı 690 balla və 5 nömrəli şəhər tam orta məktəbinin məzunu Əkbərov Rüfət Sahib oğlu 655 balla Bakı Ali Neft Məktəbinə, 2 nömrəli məktəb-liseyin məzunu Zülfüqarov Zülfüqar Qədəm oğlu 641 balla Bakı Dövlət Universitetinə qəbul olunmuşlar.

Lakin qəbul imtahanlarında zəif nəticə göstərən məzunlarımız da vardır. Nizami, Əliləmbəyli, Narlıq, Çığırğan kənd tam orta məktəblərindən bir nəfər də olsun ali məktəblərə qəbul olunmamışdır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş «Ən yaxşı təqdimat» müsabiqəsində rayonun 40-dan çox şagirdi iştirak etmiş, 4 nömrəli şəhər tam orta məktəbin IX sinif şagirdi Hüseynli Tünzalə Rövşən qızı seçilərək qalib olmuş və respublika mərhələsində uğurla çıxış etmişdir.

Pedaqoji mühazirələrin rayon mərhələsinə 97 müəllim iş təqdim etmişdir. Bunlardan 84 nəfər mühazirələrdə iştirak etmişdir. Əhmədabad kənd ümumi orta məktəbinin direktoru Nəsibə Bağırova və Mürsəlli kənd tam orta məktəbinin biologiya müəllimi Esmira Qədimova müsabiqələrdə qalib gəlmişlər. Nəsibə Bağırovanın respublika mühazirələrində oxuduğu mühazirə təqdirəlayiq bilinmiş və təhsil nazirinin tərifnaməsi ilə təltif olunmuşdur.

Yaxa Dəllək kənd tam orta məktəbi üçün 320 yerlik yeni bina tikilmişdir. Sentyabrın 15-də şagirdlər artıq yeni binada dərs keçəcəklər. Qaratəpə kənd tam orta məktəbinin binası əsaslı, Bulaqlı kənd tam orta məktəbinin binası isə cari təmir olunmuşdur.

Qaratəpə kənd tam orta məktəbinin direktoru Gülnar Hüseynova, N. Nərimanov adına 2 nömrəli məktəb-liseyin məzunu Turə Qənizadə, 5 nömrəli şəhər tam orta məktəbinin tarix müəllimi Güləndam Səmədova, Əhmədabad kənd tam orta məktəbinin təşkilatçı müavini Bayram Şəhriyev, Yaxa Dəllək kənd tam orta məktəbinin direktoru Elçin Səmədov məruzə ətrafında çıxış etmişlər.

Respublika Təhsil Nazirliyinin nümayəndəsi İsaq Məmmədov çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək qarşıdan gələn 15 sentyabr-«Bilik» günü münasibətilə müəllimləri, şagirdləri, valideynləri təbrik etmiş, xoş arzularını çatdırmışdır. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev təhsilimizə daim yüksək qayğı göstərmişdir. Hazırda bu ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Konfransda fəal müəllimlərə və qəbul imtahanlarında yüksək nəticə əldə edən bir qrup tələbəyə Fəxri fərman, qiymətli hədiyyələr təqdim edilmişdir.

Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Keçidlər