Sabirabadda Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü təntənə ilə qeyd edildi
Yeni Azərbaycan Partiyasının (YAP) 20 illik yubileyi Sabirabad rayonunda da təntənə ilə qeyd edildi. Yığıncaq iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildirdilər.
Sabirabad şəhər Mədəniyyət evində 456 nəfər YAP fəalının iştirakı ilə keçirilən tədbirin əvvəlində Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoludan bəhs edən sənədli film nümayiş olundu.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Nadir Quliyev açdı və məruzə ilə çıxış etdi. Dövlət himni səsləndirildi, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra tədbir iştirakçılarını Gənc Heydərçilər salamladı.
Yeni Azərbaycan Partiyası İdarə Heyyətinin üzvü cənab Yusif Hümbətov çıxış edərək partiyanın təsis edilməsinin 20-ci ildönümü ilə əlaqədar ətraflı danışdı. Natiq qeyd etdi ki, Azərbaycanın inkişafı barədə düşünərkən ilk öncə ulu öndər Heydər Əliyev xatırlanır, onun dövlətimizin və xalqımızın qarşısında xidmətləri anılır, dəyərləndirilir. Heydər Əliyevin Azərbaycanın tarixindəki əzəmətli xidmətləri sırasında YAP-ın yaradılması xüsusi önəm daşıyır. YAP-ın 20 illiyi əslində Azərbaycanın 20 illik tarixini özündə əks etdirir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov yubiley münasibətilə partiya üzvlərini təbrik etdi. Bildirdi ki, 1992-ci ilin noyabrında görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulan və qısa vaxt ərzində öz ətrafına minlərlə mütərəqqi fikirli insanı toplayan YAP müstəqillik qazanan respublikamızın həyatında həlledici siyasi quruma çevrilib.
N.İsmayılov cənab İlham Əliyevin Prezident seçildikdən sonra partiyanın inkişafında yeni mərhələnin başlandığını qeyd etdi. Vurğuladı ki, bu gün partiyanın sıralarında 550 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına, bu xətti uğurla davam etdirən Prezident İlham Əliyevə inamın göstəricisidir. Partiyanın sıraları gündən-günə kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənir. Siyasi Şuranın üzvü bildirdi ki, YAP əməl partiyasıdır. Bu o deməkdir ki, partiya populizmdən uzaqdır. Verdiyi hər bir vədin arxasında konkret əməli iş dayanır. Bu da siyasətində xalqa, dövlətə xidmətin dayanmasından irəli gəlir.
Tədbirin sonunda partiya sıralarına qəbul olunmuş 15 gəncə partiya vəsiqələri təqdim edildi.