Axtaçı Muğan kəndində səyyar qəbul keçirilmişdir
Avqustun 21-də Axtaçı Muğan məktəbinin qarşısında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Axtaçı Muğan kənd sakinləri ilə görüşmüşdür. Tədbirdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarələrə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Rayon rəhbəri Nazim İsmayılov Qurban bayramı münasibətilə təbriklərini çatdırmış, xoş arzularını bildirmişdir. Çıxışında vurğulamışdır ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzun kəndlərində də aqrar sahədə irəliləyişlər nəzərə çarpır. Bu isə əhalinin məşğulluğunun təmin edilməsi, onların rifah halının yaxşılaşması deməkdir.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov pambıqçılıq və baramaçılıq sahələrində əldə olunmuş uğurlu nəticələrdən danışmış, eyni zamanda yol verilmiş nöqsanları da qeyd etmişdir. Bildirmişdir ki, Güdəcühür kənd inzibati ərazi dairəsində 2016-cı ildə 238 hektar sahədə pambıq əkilmiş, hər hektardan məhsuldarlıq 10,3 sentner olmaqla mövsümü 21-ci yerdə başa vurmuşdur. Ötən il isə məhsuldarlıq 9,5 sentner olmuşdur. Göründüyü kimi, hektarların məhsuldarlığı əvvəlki ildəkinə nisbətən aşağı düşmüşdür. Halbuki burada potensial imkanlar genişdir. Geriliyin ən başlıca səbəblərindən biri torpaqlardan təyinatı üzrə istifadə edilməməsidir. Belə ki, taxıl, yonca və digər bitkilər hər il təkrarən eyni yerə əkildiyindən məhsuldarlıq get-gedə aşağı düşmüşdür. Acınacaqlı haldır ki, 1116 hektar yoncalığın 900 hektarı köhnədir. Gerilikdən ciddi nəticə çıxarılmalı, imkanlardan və ehtiyat mənbələrindən bacarıqla istifadə edilməlidir.
RİHB-nin Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oqtay Babayevin məlumatı dinlənilmişdir.
Kənd sakinlərindən Nemət Mehdiyev, Lalə Kərimova, Müstəcəb Salmanov, Ağahəmid Mehdiyev və başqaları çıxış edərək problemlərdən, çətinliklərdən danışmış, eyni zamanda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı təkliflərini vermişlər.
Rayon rəhbəri Nazim İsmayılov tədbiri yekunlaşdıraraq pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışmış, qaldırılan məsələlərlə bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.