Sabirabadda ailə dəyərlərinin qorunmasına həsr olunmuş tədbir keçirilib
Avqustun 16-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial Mənəvi Dəstək” İctimai Birliyi «Regionlarda ailə dəyərlərinin qorunması» mövzusunda tədbir keçirmişdir.
Layihənin rəhbəri Təranə Əhməd mövzu ilə bağlı çıxış edərək bildirmişdir ki, tədbirin əsas məqsədi ailələrdə boşanmaların artması tendensiyasını öyrənmək, səbəblərini təhlil etmək, ailə ehtiyaclarını dəyərləndirmək, ailələrə psixoloji və hüquqi dəstək olmaq, bu istiqamətdə maarifləndirmə işlərini aparmaqdan ibarətdir.
Layihə ətrafında müzakirələrdə ekspert Şahin Rəcəbli, psixoloq Firuzə Dadaşova çıxış edərək vurğulamışlar ki, ailələrin dağılması, boşanmaların sayının artması təhlükəli tendensiyadır. Milli adət-ənənələrimizin kənar mədəniyyətlərin təsiri ilə sıradan çıxarılması, ailə ənənələrinin pozulması, ailə mühitinə böyüklərin, ağsaqqal və ağbirçəklərin müsbət təsirinin aradan götürülməsi, bir çox ailələrdə valideynlər tərəfindən yersiz və ya kənar müdaxilələr cəmiyyətimizdə ağrılı problemlərə çevrilmişdir. Boşanmaların sayının artmasına digər amillər də təsir edir. Ailə həyatındakı maddi-sosial çətinliklər, gənclərin ailə həyatına müasir texnologiyaların inkişafı fonunda canlı ünsiyyətin vertual ünsiyyətlə əvəzlənməsi, ailədaxili münaqişələr, ünsiyyət mədəniyyətinin olmaması, ailə institutları, ailə mədəniyyəti barədə məlumatsızlıq, kişi və ya qadınlarda məsuliyyət hissinin aşağı düşməsi, sosial rolların dəyişməsi (qadınların daha çox aktivliyi və ya ailənin idarəçiliyində dominantlığı), kişinin zorakılığa meyilliliyi, içki və yaxud narkotikdən asılılığı, uşağın olmaması, xəyanət, miqrasiya, qarşılıqlı hörmət və nüfuzun aşağı düşməsi və s. bunların sırasındadır. Bu problemlərin aradan qaldırılması üçün ailə institutlarının möhkəmləndirilməsi ilə bağlı zəruri təxirəsalınmaz tədbirlər görülməlidir. Gənclərin və gənc ailələrin, valideynlərin ailə dəyərləri ilə bağlı maarifləndirilməsi, psixoloqların bu proseslərə cəlb edilməsi xüsusi önəm kəsb edir. Biz çalışırıq ki, nüfuzlu ziyalıların, ağsaqqalların, ağbirçəklərin, din xadimlərinin, ümumilikdə ictimaiyyətin iştirakı ilə ailədə mənəvi dəyərlərin möhkəmləndirilməsi üçün sistemli işi təşkil etməklə öz vətəndaşlıq vəzifəmizi yerinə yetirək. Hər kəs bu sahədə əlindən gələni əsirgəməməli, ailə dəyərlərinin qorunması üçün qanunvericiliyin gücləndirilməsinə çalışmalıdır.
Rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Nizaməddin Əlihəsənov, rayonun axundu Hacı Məhəmməd, Sabirabad bələdiyyəsinin sədr müavini Zakir Əsgərov, rayon Təhsil şöbəsinin əməkdaşı Murad Əhədov, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ruhəngiz Əliyeva və başqaları da layihə ətrafında çıxış etmişlər.
Layihəyə uyğun olaraq Sabirabad şəhərində boşanmaqda olan 6 ailə arasında görüş keçirilmişdir. Bu ailələrdən 3-ü tədbirə dəvət olunmuşdu. Görüş zamanı boşanmaq istəyən ailələrə praktik hüquqi və psixoloji məsləhətlər verilmişdir. Tədbirdə həmçinin 59 il birgə ömür sürmüş nümunəvi cütlük də iştirak etmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.