Yuxarı Axtaçı kəndinə də təbii qaz verilmişdir
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, 2018-ci il avqustun 15-də Sabirabad rayonunun Yuxarı Axtaçı kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq kənd sakinlərini qazın verilməsi münasibətilə təbrik etmiş, rayonun qazlaşdırılması sahəsində görülən işlərdən danışmışdır.
Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi İlham Şahmirzəyev çıxış edərək qazlaşdırılma tədbirlərinin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. 240 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 26 654 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Hazırda Sabirabad rayonunun Yastıqobu kəndində və Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri davam etdirilir.
Kənd sakinlərindən Kəmalə Məmmədova, Ələmşah Muxtarov çıxış edərək kəndin qazla təminatına görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.