Qaratəpə kəndində səyyar qəbul keçirilmişdir
Avqustun 7-də Qaratəpə kəndindəki Suvarma sistemləri idarəsinin iclas zalında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Qaratəpə kəndinin sakinləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə icra başçısı Nazim İsmayılov açaraq dövlətimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü sosial-iqtisadi siyasət xəttindən, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən, aqrar sahədə, o cümlədən pambıqçılıqda qazanılmış uğurlardan danışmışdır. Eyni zamanda vurğulamışdır ki, ötən il pambıqçılıqda zəif nəticələrdə olmuşdur. Qaratəpə kənd inzibati ərazi dairəsində Sosialist Əməyi Qəhrəmanı, Prezident təqüdçüsü, 1 dərəcəli “Əmək” ordenli Fatma Hüseynova hər hektardan 55 sentner pambıq götürsə də nümayəndəlik üzrə bu göstərici 18,2 sentner olmuşdur. Pambıqçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün torpaqdan təyinatı üzrə istifadə edilməlidir. Pambığın məhsuldarlığı intensiv metodlarla artırılmalıdır.
İcra başçısı Nazim İsmayılov pambığın becərilməsi, baramaçılığın inkişaf etdirilməsi ilə bağlı da tapşırıq və tövsiyələrini vermişdir.
Kənd sakinlərindən Şükür İmanov, Alxas Nəsirov, Hafiz Mövludov və başqaları çıxış edərək yaşadıqları kənddə infrastruktur sisteminin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Onlar eyni zamanda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı bir sıra təkliflər vermişlər.
Nazim İsmayılov tədbiri yekunlaşdıraraq qarşıda duran vəzifələrdən danışmış, aidiyyatı üzrə konkret tapşırıqlar vermişdir.