Həşimxanlı kəndində səyyar qəbul keçirilmişdir
İyulun 24-də Həşimxanlı kənd mədəniyyət evində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Həşimxanlı kəndinin sakinləri ilə görüşmüşdür.
Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahə ilə əlaqəli olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Rayon rəhbəri Nazim İsmayılov aqrar sahədə, xüsusilə pambıqçılıqda qazanılmış uğurlardan danışaraq bildirmişdir ki, Həşimxanlı kənd inzibati ərazi dairəsində aqrar sahəni, xüsusilə pambıqçılığı inkişaf etdirmək üçün potensial imkanlar genişdir. Lakin bunlardan səmərəli istifadə edilmir. 1981-ci ildə burada 1000 hektardan çox sahədə pambıq əkilib-becərilmiş, hər hektardan 37,2 sentner məhsul götürülmüşdür. Hazırda isə burada 245 hektar sahədə pambıq yetişdirilir. Burada əkinçilik mədəniyyəti aşağıdır. Növbəli əkin sisteminə riayət olunmur. Torpaqlardan təyinatı üzrə istifadə edilmir. Nəticədə taxılın məhsuldarlığı rayon səviyyəsindən aşağı olmuşdur. Həşimxanlı kənd ərazi inzibati dairəsində gerilikdən nəticə çıxarılmalı, nöqsanlar aradan qaldırılmalıdır. Pambıqçılığın inkişaf etdirilməsinə xüsusi fikir verilməlidir.
Nazim İsmayılov baramaçılıq sahəsində də görülmüş işlərdən danışmış, yüksək nəticələr əldə etmək üçün tapşırıq və tövsiyələrini vermişdir.
Tədbirdə Həşimxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elsevər Xancanovun, bələdiyyə sədri Fikrət Əmrahovun məlumatları dinlənilmişdir.
Kənd sakinləri çıxış edərək təklif və mülahizələrini bildirmiş, fikir mübadiləsi aparmışlar.
Rayon rəhbəri Nazim İsmayılov tədbirin sonunda kənd sakinlərinin müraciətləri əsasında aidiyyatı qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.